XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 15:57

Deputatdan banklara sərt ittiham:"Ölkə əhalisinin yaxasından əlinizi çəkin"

“2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi şəxslərə güzəştlər edilməlidir”.

Strateq.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a ilin iqtisadi yekunları ilə bağlı açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.

O bildirib ki, ölkə əhalisinin hər 4 nəfərindən birinin banka borcu var:

“2015-ci ilin iki şok devalvasiyasından sonra əhalinin xeyli hissəsi və banklar həmin şoku hələ də hiss etməkdə davam edir.

Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaşlarımız və biznes strukturları bank kreditlərinin girovuna çevriliblər. Bu problemi, xüsusən də xarici valyutada olan kreditlər problemini çözmək lazımdır ki, bankların sağlamlaşdırılmasına geniş yol açılsın.

Xarici valyutada olan kreditlərlə bağlı problemə diferensiallaşdırılmış şəkildə baxmaq lazımdır: qanunun bütün sərtliyini 2015-ci ilin devalvasiyalarına qədər borcunu vaxtında, səliqə ilə qaytaran və devalvasiyadan sonra artan borclarını qaytarmaq üçün gəlirinin imkan vermədiyi, eləcə də devalvasiya nəticəsində artan kreditləri qaytarmaq iqtidarında olmayan yoxsul təbəqəyə yox, banklarla əlbir olub kreditləri əslində qaytarmaq yox, qaytarmamaq üçün alanlara tətbiq etmək lazımdır”.

Deputat deyib ki, 2015-ci ilin devalvasiyalarına qədər borcu olan insanların əksəriyyəti aldığı borcun 2-3 qatını banka çoxdan ödəyib: “Bəzi banklar həmin insanlardan artıq aldığından əlavə faiz, cərimə və s. formalı manipulyasiyalarla, əslində, almadığı kreditə görə pul tələb edirlər. Devalvasiyadan əvvəl 2 min manat kredit alıb, son 3 ildə 7 min manat qaytarmasına baxmayaraq, bəzi bankların hələ də belə insanların yaxasından əl çəkməməsi faktları obyektiv araşdırılmalı, müflisləşmə mexanizmi tətbiq edilməli və bu əsasda əhalinin kreditləri qaytarmaq imkanında olmayan aztəminatlı təbəqəsinin kredit borcları silinməlidir”.