XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 09:32

Keçmiş nazir kənd təsərrüfatındakı durumu sərt tənqid etdi və təkliflərini açıqladı –Proqram

Kənd təsərrüfatı islahatlarının əsas istiqamətləri – tezislər

Giriş

Bu sənəd hazırkı şəraitdə neftdən sonra Azərbaycan iqtisadiyyatının əsas dayağını təşkil edən kənd təssərrüfatı (KT) sahəsində islahatların dərinləşdirilməsinə həsr olunmuşdur, qısa bu prosesin əsas istiqamətlərini müəyyən edir, bir neçə ay əvvəl KT nazirliyinə təqdim edilmişdir. Proqram sənədin işlənməsində təcrübə bazası kimi əsasən üç ən qabaqcıl ölkənin təcrübəsindən yararlanılmışdı. İsrail, Niderland Krallığı (Hollandiya) və Cənubi Koreya. Hər üç ölkənin KT məhsulları istehsalı imkanları, o cümlədən əkinə yararlı torpaq sahəsi, əmək ehtiyyatları, bir çox halda torpağın keyfiyyəti və s üzrə Azərbaycandan qat-qat azdır, amma istehsal, nəticə, KT məhsulları ixracı üzrə bir neçə qat irəlidir. Hər bir ölkə Azərbaycandan qat-qat çox insan qidalandırır. Səbəb: yalnız yüksək elm, təhsil, kadrlar, islahatlar, düzgün təşkil. Bütün bu səbəblər isə Proqramın işlənməsi zamanı nəzərə alınmışdır.

1. Mövcud vəziyyət:

1.1. Görülən genişmiqyaslı tədbirlərə baxmayaraq nəticə ürək açan deyil. Sovet dövrü ilə müqayisədə kənd təsərrüfatının əksəriyyət sahələrində ciddi geriləmə müşahidə olunmuşdur. Onsuz da geridə qalan kənd təsərrüfatı istehsalı başqa ölkələrlə və bütövlükdə dünya miqyasında müqayisədə daha da geriləmiş, kənarlaşma xeyli yüksəlmişdir. Əsas istehsalat sahələri olan pambıqçılıq, üzümçülük, barama, tütün və s. istehsal sahələrində 2-10 dəfə geriləmə olmuşdur. Demək olar ki, bütün sahələr üzrə məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşmüşdür.

1.2. KT-da inkişaf əsasən ekstensiv yolla, elm və texnoloji inkişafın tələbləri nəzərə alınmadan həyata keçirilmişdir, ölkə miqyasında kənd təsərrüfatı sahəsində heç bir elmi məhsul, yeni məhsul növü ortaya qoyulmamışdır. Texnika ilə təminat səviyyəsi texniki tərəqqinin prinsiplərinin əksinə xeyli zəifləmişdi. Əgər 1990-cı ildə ölkənin kənd təsərrüfatı sahəsində 40 min traktor var idisə, onların sayı 2015-ci ildə cəmi 12 min və 2018-ci ilin əvvəlinə 22 min olmuşdur, uyğun rəqəmlər kombaynlar üzrə 4.5, 0.7 və 1.6 min təşkil etmişdir. Eyni meyl bütün başqa texnika növləri üzrə müşahidə olmuşdur.

1.3. KT-na qoyulan investisiya həcminin cəmi investisiyalarda payı xeyli azalmış, subsidiyalar başqa ölkələrlə müqayisədə zəruri səviyyədən xeyli aşağı olmuşdur. Əgər 1991-ci ildə milli iqtisadiyyata qoyulan investisiyaların 15%-i kənd təssərrüfatına yönəldilirdisə, 2017-ci ildə bu rəqəm 3.5%-ə enmişdir. Dünya miqyasında kənd təsərrüfatının normal fəaliyyəti dövlət dəstəyi olmadan həyata keçirilə bilməz. Əgər əksəriyyət ölkələrdə dövlət dəstəyinin payı kənd təsərrüfatının ümumi gəlirlərindən 30-75% təşkil edirsə, Azərbaycanda bu rəqəm 3-5% ətrafında cərəyan edir ki, bu səviyyədə dövlət dəstəyi tam yetərsiz sayılır.

2. KT-da köklü islahatların zəruriliyi

2.1. Ölkədə vacib sahələrdən biri olan kənd təsərrüfatını sürətlə inkişaf etdirmək üçün geniş miqyaslı islahatların aparılması zəruridir. İslahatlar bütün sahələri əhatə etməli və kənd təssərrüfatının idarə edilməsi, dövlətin dəstəyi mexanizmi və maliyyələşdirilməsi sistemi kökündən yenidən qurulmalıdı.

2.2. İslahatların hədəfi: Yüksək elmi-texnoloji prinsiplərə əsaslanan yüksək məhsuldarlıqlı, beynəlxalq bazarlarda rəqabətə tam davamlı kənd təsərrüfatı kompleksinin qurulması, daxili tələbatın maksimum təminatı və bununla bərabər yüksək inkişaf etmiş “Yeni kənd ictimaiyyətinin” (C. Koreya tipli “Saemaul Undong” və ya “New Village Movement”) qurulması.

2.3. İslahatların təcrübə bazası: dünyada kənd təsərrüfatının elmi texniki nailiyyətlər əsasında qurulması təcrübəsində ilk yüksək yerlərdə duran üç ölkəsi: İsrail, Hollandiya (Nirerland krallıqları) və Cənubi Koreya bu sahədə ən mükəmməl mexanizmə malikdir. Ən böyük müvəffəqiyyət qazanan, Azərbaycanla daha yaxşı dostluq münasibətləri olan, əsasən inkişaf etməkdə olan ölkələrə ciddi yardıma açıq olan ölkələr də bu ölkələrdi.

2.4. Yeni islahat proqramı hazırlanarkən məhz bu üç ölkənin həyata keçirdiyi idaretmə mexanizmi bu islahatların əsas bazası kimi istifadə olunmuşdur. Hər bir ölkənin təcrübəsindən Azərbaycan şəraitinə daha yaxın olan ünsürlər seçilərək kombinə olunmuş və bütöv bir sistem qurulmuşdur.

2.5. KT-da əsas islahat tədbirləri kənd təssərüfatını bütün istiqamətlərini əhatə etməlidi:
A/ İslahatların tam elmiləşdirilməsi, inkişafın elmi-texniki tərəqqi relsinə salınması, texniki təminatın İsrail və Hollandiya səviyyəsinə çatdırılması;
B/ KT-na dövlət dəstəyinin (subsidiya və dotasiyaların) keyfiyyət etibari ilə tamamilə yeni metodlarının tətbiqi, KT-nın maliyyələşdirilməsi sisteminin yenidən qurulması və kəmiyyət etibarı ilə dəfələrlə artırılması; KT-nın bazar, təbii və siyasi risqlərdən qorunması mexanizmi,
C/ KT məhsullarının satış sisteminin qurulması, ixrac və idxal əməliyyatlarının liberallaşdırılması,
D/ “Yeni kənd ictimaiyyətinin” qurulması, əsas məqsəd kimi şəhərlə kənd arasında fərqin aradan qaldırılması, kənd yerlərində əhalinin gəlirlərinin artırılması və şəhərlə eyniləşdirilməsi, “kəndlərdə emal” proqramının yerinə yetirilməsi və məhsuldar qüvvələrin yerləşdirilməsində bərabər inkişaf prinsipinin bərpası.

3. KT-nın elmi texniki relsə keçirilməsi

3.1. KT-da elmin maliyyələşdirilməsi və idarəedilməsi mexanizmi yenidən qurulmalı, bu sahədə dövlət qurumları bir mərkəzdə cəmləşdirməlidir. Belə mərkəzin İsraildə fəaliyyət göstərən “Agriculutural Research Organization (ARO) Volcani Center” elm mərkəzinin prinsipləri əsasında qurulması məqsədəuyğundur. Bütün KT elmi tədqiqat institutlarının və təcrübə bazalarının bu mərkəzə verilməsi işə daha müsbət təsir göstərə bilər.

Haşiyə: İsrailin keçmiş prezidenti Şimon Peresdən KT-da böyük uğurların səbəbini soruşanda cavab qısa və lakonik olmuşdur: “Biz bütün fermerləri alim elədik”. C. Koreyanın prezidenti Pak Çonxi də demək olar ki, eyni suala eyni cavabı vermişdi.

3.2. Elmi tədqiqat institutlarının maliyyələşmə mexanizmini olduğu kimi saxlamaqla təbii seçmə prosesini yerinə yetirmək üçün əlavə və böyük maliyyələşməni həmin institutların iştirakı ilə yaradılan Startap elmi tədqiqat və təcrübə şirkətlərinin vasitəsilə həyata keçirmək.

3.3. Startaplar İsrail və Hollandiya təcrübəsinə əsasən KT elmi tədqiqat institutlarının iştirakı ilə ilk mərhələdə dövlət vəsaiti hesabına formalaşır, nəticə hasil olduqdan sonra səhmləşdirilərək açıq satışa çıxarılır. İlk mərhələdə müxtəlif xarici və daxili şirkətlərin iştirakı və investisiyalarının cəlbi də mümkündür.

3.4. Startapların kollektivlərinin formalaşması şərtləri: nəzdində qurulan institutun əsas heyyəti, digər universitet, qurum və təşkilatların alim və mütəxəssisləri, mütləq xarici top 100 reyqtinqinə daxil universitet, institut, elmi müəssisə və şirkətlərin mütəxəssisləri hesabına formalaşacaqdır. Xarici mütəxəssislərin payı 30%-dən aşağı olmamalıdır.

3.5. Startap şirkətlərinin maliyyə mexanizmi tam sərbəstləşdirilməli, alim və mütəxəssislərin əməyinin ödəniş və mükafatlandırılması sistemi İsrail və Hollandiya sisteminə uyğunlaşdırılmalıdır.

3.6. Startapların əsas tədqiqat istiqamətləri:

Bitki növlərinin, yeni bitki toxumlarının tədqiqatı,
Xurma növlərinin yeni yüksək keyfiyyətli məhsullarının yetişdirilməsi (İsrail və İspaniya növlərinin ölkədə yetişdirilməsi),
Dərman bitkilərinin- Qafqazın folarasının araşdırılması, yeni bitkilərin Azərbaycan şəraitinə uyğunlaşdırılması.
Bitkiçilikdə məhsuldarlığın artırılması,
Heyvandarlıqda yeni cins heyvanların yetişdirilməsi, soyuq şəraitə dözümlü heyvan cinslərinin yetişdirilməsi,
Süni mayalanma, yeni heyvan cinslərinin yaradılması, gen mühəndisliyinin tədqiqinin genişləndirilməsi;
Məhsulların yağlılıq və həcm göstəricilərinin yüksəldilməsi,
Yüksək verimli heyvan cinslərinin Azərbaycan şəraitinə uyğunlaşdırılması,
Soyuq iqlim şəraitində və Azərbaycan şəraitində bar verə biləcək bitki növlərinin tədqiqi,
Quru iqlim şəraitinə dözümlü bitki növlərinin tədqiqi,
Azərbaycanda çöl şəraitinə uyğun bitki və ağac növlərinin yetişdirilməsi, ,
KT maşınlarınn və robotların hazırlanması,
Kanalizasiya sularının təmizlənməsi və yenidən KT-na suvarmaya qaytarılması,
Heyvan və bitkiçilikdə yemlərin tədqiqatı,
İmmunitet problemləri,
Başqa iqlim zonalarının faydalı bitki növlərinin (məsələn, banan, zəncəfir, amartan və s) Azərbaycan şəraitinə uyğunlaşdırılması,
KT tullantılarının səmərli istifadəsi problemləri,
Heyvan və bitkilərin mühafizəsinin təkmilləşdirilməsi və s.

4. KT-na dövlət dəstəyinin (subsidiya və dotasiyaların) təşkili və istifadəsinin Avropa İttifaqı və OECD prinsiplərinə uyğunlaşdırılması

4.1. Subsidiya və dotasiyalar əsasən elmin inkişafına, KT-nın bazar, təbiət və siyasi risklərdən qorumağa və daha zəruri sahələrin və regionların sürətli inkişafının stimullaşdırılmasına yönəldilməlidir.

4.2. Hər il KT ilinə yaxın bütün əsas məhsullara dövlət satınalma qiyməti müəyyən olunur (bazar riskindən qorumaq üçün), əgər fermer öz məhsulunu sata bilmirsə, dövlət bu məhsullar həmin qiymətlərlə alır və bunun məsuliyyətini öz üzərinə götütür. Dövlət alış qiymətləri hər bir məhsul üzrə fermerə 20%-dən aşağı olmamaq şərtilə rentabellik dərəcəsini təmin etməlidir. Həmçinin KT sahələrini maliyyə vəsaitləri ilə təmin etmək üçün dövlət resursları hesabına faizsiz kredit fondu yaradılır, fermerlər gələcək məhsulların girov olması şərti ilə mövsümi olaraq kreditləşdirilir.

4.3. KT müəssisələri əkin sahələri, səpin, becərmə, məhsuldarlıq haqqında gündəlik məlumatlandırılır ki, ayrı-ayrı sahələr üzrə artıq istehsal olmasın, zəruri hallarda KT Nazirliyi iri istehsalçılar üzrə ayrı-ayrı məhsullar üzrə məhdudlaşdırıcı kvota müəyyən edir. Bütün ölkə boyu bitkilərin, torpaq shələrinin, əkin, səpin miqdarının, heyvanların gündəlik üçotunu aparmaq və bu infonu ictimaiyyətə çatdırmaq üçün soft proqram işləmək və istifadə etmək zəruridi.

4.4. KT istehalını təbii risklərdən qorumaq üçün KT istehsalı hər sahədə sığortalanmalıdı və həm də risklər təkrar sığorta vasitəsilə böyük beynəlxalq sığorta təşkilatlarında yenidən sığortalanır. Mülkiyyət mənsubiyyətindən asılı olmayaraq bütün təssərüfatlarda sığorta tədiyyələrinin 70%-i dövlət və 30%-i istehsalat sahibləri tərəfindən ödənilir.

4.5. KT məhsullarının siyasi və regional risklərdən qorumaq üçün KT məhsullarının idxal-ixrac əməliyyatları olan bütün ölkələrlə qarşılıqlı anlaşmalar, yaxın ölkələrlə, məsələn, İsrail, Cənubi Koreya, Avropa İttifaqı, ABŞ və s. ölkələrlə azad ticarət anlaşmaları (FTA) imzalanmalı, həmin ölkələrlə sərbəst ticarət şəraiti yaradılmalıdır. Üç regionda – Qirmizi körpüdə (Azərbaycan-Gürcüstan sərhəddi), Biləsuvar (Azərbaycan-İran sərhəddi) və Yalamada (Azərbaycan-Rusiya sərhəddi) sərbəst iqtisadi zonaların və uyğun olaraq soyuducu-anbar sisteminin qurulması, bu zonalarda KT məhsullarının xüsusi imtiyazlı və sadələşdirilmiş keçid mexanizminin qurulması.

4.6. Dövlət büdcəsi hesabına: fermerlərin hazırlanması və ixtisasının artırılması məktəblərinin qurulması (tədrisdə yüksək ixtisaslı xarici alim və mütəxəssislərin iştirakının təmin olunması ilə), ölkədə İsrailin MAŞAV kurslarının tədris mərkəzinin yaradılması və geniş miqyaslı tədris proqramlarının həyata keçirilməsi. Bütün regionları əhatə edə biləcək online KT məktəbinin yaradılması və müxtəlif ölkələrdən dünya şöhrətli alim və mütəxəssislərin tədrisə dəvət olunması. OECD, FAO, Aİ xətti ilə inkişaf etməkdə olan ölkələrdə KT-na dəstək proqramlarından yararlanaraq müxtəlif əməkdaşlıq proqramına qoşulmaq. Tədris xarakterli video fondunun, məlumat və məsləhət mərkəzinin yaradılması, bütün fermerləri gündəlik informasiya bazası ilə təmin etmək.

4.7. Dövlət hesabına torpaqların rəqəmsəl kadastr xəritəsinin hazırlanması (kadastr nömrəsi, torpağın təyinatı, yerləşimi, yararlılıq səviyəsi, tərkibi, hansı məhsulu yetişdirmə imkanları, mülkiyyət durumu və sahibi və digər zəruri göstəricilər əks olunmaqla), şoran torpaqların təmizlənməsi tədbirlərinin görülməsi, torpaqların zənginləşdirilməsi məqsədi ilə xammalı əsasən məişət və təbii tullantılardan olan üzvi kübrələr istehsalının qurulması, süni bakteriya istehsalına başlanılması, bu məqsədlə sərbəst elmi müəssisə – startap təsis edilməsi və buraya dünyanın məhşur alimlərinin cəlb olunması və bunula da torpağın məhsuldarlığının qaldırılması.

5. KT məhsullarının satış sisteminin qurulması, ixrac və idxal əməliyyatlarının liberallaşdırılması.

5.1. KT islahatlarının müvəffıqiyyətlə həyata keçirilməsi üçün bütün mallar üzrə ixrac və idxalın köklü islahatı zəruridi. Bu ən azından Doing buziness indeksində ilk yeri tutan Aİ ölkələri standartına uyğunlaşdırılmalıdı. İxrac və idxal üçün lazım olan sənədlər maksimum 4-ə qədər azaldılmalı.

5.2. KT mallarının ixracı bütün vergi, rüsum, qeydiyyat və s. ödəmələrdən azad olmalı, ixrac-idxal əməliyyatlarının rəsmiləşdirilməsi müddəti bir günə qədər qısaldılmalı, ixrac bütün iqtisadi, siyasi və mənəvi metodlarla stimullaşdırılmalıdır.

5.3. İxracata dəstək fondu və qurumu yaradılır ki, bu yalnız ixracatçılara kömək vəzifəsini yerinə yetirir: gömrük rəsmiləşdirilməsi, bürokratizmə qarşı mübarizə, nəqliyyat işinin təşkili, informasiya və bazar araşdırılması və s.

5.4. İxrac məhsullarının istehlakçıya çatdırılması üçün nəqliyyat məsrəflərinin yarısı dövlət büdcəsi hesabına ödənilir. Zəruri halalrda bu qurumun ixrac istiqamətləri üzrə filialları yaradılır.

6. “Yeni kənd icmasının” qurulması, əsas məqsəd kimi şəhərlə kənd arasında fərqin aradan qaldırılması

6.1. Müvəffəqiyyətli KT islahatları Azərbaycan kəndinin dirçəldilməsi ilə baş tuta bilər. Bu məqsədlə bütün ölkə boyu “Şəhərdən kəndə dogru” devizi ilə hərəkət etmək və bütün ölkə islahatlarını bu istiqamətə yönəltmək zəruridir.

6.2. 1970-ci illərdə C. Koreyanın təcrübəsi əsasında kənd yerlərində sosial və iqtisadi şəraitin şəhər səviyyəsinə uyğunlaşdırılması, kəndlər zəruri nəqliyyat, yol, rabitə, səhiyyə, təhsil, mədəniyyət və digər infrastruktur elementləri ilə təmin edilməli, məhsuldar qüvvələrin yerləşdirilməsində kənd və şəhərlər arasında fərq aradan qaldırılmalıdı.

6.3. Milli gəlir bölgüsündə ciddi fərq kəndlərin xeyrinə dəyişdirilməli, kənd yerlərində, xüsusilə ucqar kəndlərdə və dağ kəndlərində xüsusu iqtisadi rejim yaratmaq, əmək haqqı, pensiya ödənişlərində, kənd təssərüffatı subsidiyalarında və digər ödəmələrdə əlavə haqq müəyyən edilməli, vergi güzəştləri nəzərdə tutlmalıdı.

6.4. Kənd təssərrüfatı istehsalında rəqəmsəl soft sistemlə dəqiq üçot və hesabatın qurulması şərtilə əksəriyyət vergilərdən ya tam və ya qismən azad olma ilə kənd təssərrüfatnda kooperasiyalaşmanın yeni metod və üsullarından istifadə olunması, fermerlər arasında qarşılıqlı yardımlaşma və qarşılıqlı kömək prinsipləri ilə yeni koperativlərin qurulması (burada faktiki olaraq eyni prinsiplərlə yaradılan İsrail kubitse və moşav kooperasiya formaları da istifadə oıuna bilər) və geniş emal sahələrinin də bu kooperativlərə daxil edilməsi.

6.5. Aqrar sənaye komplekslərinin inkişafı və genişləndirilməsi məqsədilə bütün kəndlərdə əhalinin say tərkibinə uyğun olaraq dövlət hesabına (investorların cəlb olunması ilə) mini-sənaye parklarının (industrial city) salınması və KT məhsullarının, dərman bitkilərinin emalının həyata keçirilməsi, bütün sahələr üzrə tullantısız iqtisadi sistemə keçilməsi, tullantıların elmi baza əsasında istifadə olunması, KT elmi müəssisələrin, təcrübə bazalarının və tədris təşkilatlarının əksəriyyətinin kənd yerlərinə köçürülməsi, həmçinin kəndlərdə aqroturizm şəbəkəsinin qurulması.

6.6. Meşə təsərrüfatının idarə olunması, planlaşdırılması və meşasalma işləri elektronlaşmalı, meşə örtüyünün uçotu və bərpası üzrə soft proqram hazırlanmalı, boş qalan bütün torpaqlarda yeni meşə salınmalıdır. Startap şirkətlər qurulması vasitəsi ilə yeni salınan meşə örtükləri regionların torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmalı, tibb, sənaye, dekorativ və başqa təyinatlı ağacların yerləşmə prinsipləri müəyyən edilməlidir. Təcrübəsinə istinad olunan C. Koreyanın meşə örtüyünün 92%-i islahatlardan sonra salınan süni meşə örtüyündən ibarətdir.

6.7. Balıqçılıq təsərrüfatı böyük istehsal gücünə malikdir. Dünyanın unikal və qiymətli balıqlarının ən çoxu, hətta ən faydalısı Azərbaycanda yerləşir, lakin, lazımi səviyyədə istifadə olunmur. Nərə balıqlarının və qara ikra məhsulunun həm süni istehsal şəbəkəsinin qurulması və həm də emalının genişləndirilməsi sisteminin stimullaşdırılması, bu balıqların və həmçinin digər ölkələrdən gətirilmiş yeni balıq növlərinin yetişdirilməsi bazasının yaradılması üçün dövlətdən dəstək mexanizminin müəyyənləşdirilməsi, nərə balıqlarının mayalanmış kürü satışı hesabına gəlirlilik səviyyəsinin artırılması, ixracat potensialının yüksəldilməsi;

6.8. Ölkədə ümumi iqtisadi siyasət KT məhsullarının qiymətlərinin qaldırılmasına, bu məhsulların istehsalçılarının ümumi şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidi. Bu tədbirlər kompleksi C. Koreya təcrübəsinə əsasən hazırlanmalı və həyata keçirilməlidi. 1960-70-ci illərdə başlayan islahatlar nəticəsində kənd yerlərinində orta gəlir şəhər yerlərini xeyli üstələyir. Bu məqsədlə C. Koreyanın inkişaf etməkdə olan ölkələrə göstərdiyi təmənnasız yardım proqramlarından – KOPİA, KAFACİ və s, həmçinin Aİ, ABŞ, OECD kimi yardım proqramlarından yararlanmaq üçün danışıqlara başlamaq və bu proqramların tətbiqinə nail olmaq zəruridir.

6.9. İki rayon bazasında pilot layihə hazırlayaraq sürətli təcrübədən keçirməklə yanaşı, bu tədbirlər ölkə boyu bütün kəndlər üzrə həyata keçirilməlidir.

Dərin hörmətlə:

Professor. dr. Saleh Məmmədov