XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 15:59

Banklardakı əmanətlərin sığorta müddəti bitir –Əhalinin pullarına və depozitlərə təhlükə varmı?

2015-ci ildə baş vermiş devalvasiyanın bank sektorunda yaratdığı dağıdıcı prosesin qarşsını almaq üçün görülən tədbirlərdən biri də “Əmanətlərin tam sığortalanması haqqında” Qanun layihəsinin qəbul olunması idi.

2016-cı il fevral ayının 1-dən qüvvəyə minmiş Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq, bank fəaliyyətini həyata keçirilməsi üçün xüsusi razılığa, lisenziyaya malik Fondun iştirakçı bankları tərəfindən 3 il müddətinə tam sığortalanır.

İndi sözügedən Qanunun müddətinin başa çatmasına bir neçə həftə qalıb. Fevralın 1-dən sonra əmanətlər və depozitlərin sığortalanması ilə bağlı vəziyyət necə dəyişəcək? Banklarda olan vəsaitlərin qorunması ilə bağlı hökumət hansı tədbirlər görməlidir?

İqtisadçı ekspert Samir Əliyev Strateq.az-a şərhində bildirib ki, 2016-cı ildə adıçəkilən qanunun qəbul edilməsi banklardan əmanət axınının qarşısını əhəmiyyətli dərəcədə aldı:

“2018-ci il üzrə rəqəmlərə baxsaq, əhalinin banklarda əmanət qoyuluşu 8 faiz artıb. Bununla yanaşı depozit artımında da əhəmiyyətli artım müşahidə olunub. Banklar depozit yığımına davam edir. Hazırda əmanət qəbulu ilə bağlı problem yoxdur, xüsusi ilə də manatla əmanət qoyuluşları davam edir. 2018-ci ilin 9 ayının rəqəmlərinə görə, milli valyuta ilə əmanətlərin həcmi 24 faizə yaxın artıb. Dollarda olan depozitlərin həcmi isə 2.5 faiz azalıb”.

Ekspert bu azalmanın səbəbini xarici valyutada olan depozitlər üzrə faiz dərəcələrinin aşağı olması ilə bağlayır:

“Hazırda dollarla olan əmanət və depozitlərin faiz dərəcələri 1-3 arasında dəyişir. Manatla olan əmanətlərdə isə bu rəqəm 15 faizə qədər təşkil edir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunda xarici valyutada olan əmantlərin 3, milli valıyutada olan depozitlərin isə 15 faizə qədər qorunması öz əksini tapıb”.

S.Əliyevin bildiridiyinə görə, əsas problem odur ki, bankların öhdəliklərində depozitlərin payı son vaxtlar artıb:

“Banklar depozitlərdən kredit vermədə qismən istifadə edə bilirlər. Yəni onlar fiziki və hüquqi şəxslərin qoyduqları əmanətləri və depozitləri realizə etməkdə çox böyük çətinlik çəkirlər. Mərkəzi Bank tez – tez notlar yerləşdirir, depozit hərracı keçirir və bununla banklara müəyyən qədər dəstək verir. Banklar da yığdıqları depozitləri bu istiqamətə yönəltməklə müəyyən qədər vəziyyətdən çıxmağa çalışırlar. Amma ümumilikdə əhalidən yığılan pulların bir hissəsini iqtisadiyyata yönəltməkdə çətinlik çəkirlər. Ona görə də sabah bu depozitləri qaytarmaqda ciddi problemlərlə üzləşə bilərlər”.

Ekspert güman edir ki, banklar vəziyyətdən çıxmaq üçün depozitlərin gəlirlilik fazilərini aşağı salmağa məcbur ola bilərlər.

Samir Əliyev hesab edir ki, sözügedən qanunun müddəti uzadılmalıdır:“Biz hələ bilmirik, dünya bazarında neftin qiyməti necə olacaq. Qiymətlər ucuzlaşsa, bu, yenidən ölkədə iqtisadi gərginlik yarada bilər, devalvasiya mümkündür və banklar təbii ki, bundan böyük zərər çəkəcək. Ona görə də düşünürəm ki, dövlət əmanətlərin tam sığortalaması qanununu azı 1 il uzatmalıdır. Ən azı şərtlərini dəyişməlidir”.

Şərtlərə gəlincə, ekspert təklif edir ki, manat əmanətləri üzrə gəlirlilik 15 faizdən 10 faizə qədər azaldıla bilər: “Yaxud 10 faizdən yuxarı cəlb olunan əmanətlər üçün sığorta haqlarının artırılması mümkündür. Bununla da bankların yüksək faizlə əmanət cəlb etməyə marağını azaltmaq olar. Hər bir halda 15 faiz yüksək rəqəmdir”.

Strateq.az