XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Yanvar 2019 - 17:58

Dövlətə yük olan dövlət şirkətləri… –Kommunal qurumlar və SOCAR-la bağlı hansı qərarlar verilə bilər?

Prezident İlham Əliyevin dövlət qurumlarında apardığı dəyişikliklər genişlənərək, irimiqyaslı struktur islahatlarına çevrilə bilərmi? Büdcəyə yük olan kommunal sektorla bağlı hansı qərarlar verilə bilər? 

Məlumdur ki, Azərbaycanda su, elektrik, qaz, yanacaq satışı dövlət şirkətləri tərəfindən həyata keçirilir. Onlar hər il dövlətdən irimiqyaslı dotasiyalar, xarici maliyyə qurumlarından böyük məbləğdə kreditlər alsalar da, büdcə öhdəliklərini icra etməkdə çətinlik çəkirlər.  Beləliklə, inhisarçı dövlət şirkətləri büdcə üçün böyük yükə çevrilir.

İqtisadçı ekspert Samir Əliyev bu sahədə durumu Strateq.az-a dəyərləndirərkən, Azərbaycanda struktur islahatlarının aparılmasını olduqca vacib adlandırıb.

O, təəssüflə bildirir ki, bu istiqamətdə təkliflər uzun müddətdir səsləndirilsə də, addımlar atılmır:

“Son bir həftədə prezidentin məlum sərəncamlarını struktur islahatlarının elementi kimi dəyərləndirmək olar. Amma eyni zamanda bu, hələ tam da deyil. Hələlik hökumət institusional dəyişiklik çərçivəsindən kənara çıxmayıb. Ümid edirik ki, ciddi dəyişikliklər davam edəcək”.

S.Əliyevin sözlərinə görə, institusional islahatlar hansısa qurumun ləğvini və ya dəyişdirilməsini özündə etiva etmir: “Struktur islahatları daha çox qərar qəbulu prosesinə təsirlə bağlıdır. Bizdə son addımlar qərar qəbul edilmə səviyyəsinə təsir edirmi, yoxsa əvvəlki mexanizim saxlanılır? Atılan addımlar idarəetmə çevikliyinə gətirib çıxarırmı? Yoxsa vəziyyət dəyişməyib? Eyni zamanda dövlət qurumlarına büdcədən ayrılan vəsaitlərin azalmasına gətirib çıxarıbmı?  Struktur islahatlarında bu sualların hamısına müsbət cavab verilməlidir. Əks halda, atılan addımlar tam səmərə verməyəcək”.

Ekspert qeyd edib ki, strukur islahatlarına həm də dövlət büdcəsindən dotasiyalar, subsidiyalar daxildir:

“Bunların azaldılması çox vacibdir. Azərbaycanda 2000-ci ildən başlayaraq əksmərkəzləşmə gözlədiyimiz halda, dövlət idarəçiliyinin, səlahiyyətlərin mərkəzləşdirilməsi baş verdi. Bu, ona gətirib çıxarıb ki, bələdiyyələrin gücləndiriləcəyini düşündüyümüz halda onların zəiflədilməsi, icra orqanlarının daha da gücləndirilməsi baş verdi. Daha sonra dövlət faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Özəl sektoru, biznesi gücləndirməli olduğu halda, hökumət özü bu fəaliyyətlə məşğul olur, pul qazanır. Halbuki dövlət yalnız siyasəti həyata keçirməlidir. İndi onun məşğul olduğu bu işi özəl qurumlar həyata keçirməli, pul qazanmalıdırlar”.

S.Əliyev kommunal sektorda ciddi struktur islahatları aparılmasını vacib sayır:

“Bu sektor ya özəlləşdirilməlidir, ya da idarəçilik özəl sektora verilməlidir. Azərbaycanda bununla bağlı yaxın keçmişdə təcrübə var. Söhbət “Barmek”dən gedir. Bu şirkət dövlət büdcəsindən dotasiya almadan öz elektrikpaylama funksiyasını çox yaxşı həyata keçirirdi. Amma nə oldu, paytaxtın enerji təminatını ondan alıb indiki “Azərişıq”-a verdilər. Ümumiyyətlə, dünya təcrübəsinə baxsaq, kommunal sektorda bir deyil,  bir neçə iştirakçının olması vacibdir. Həmçinin  istehsalçının, paylayıcının, nəql edənin ayrı olması mütləqdir”.

Ekspert misal kimi “Azəriqaz”-ın SOCAR-ın tərkibinə verilməsini göstərir:

“SOCAR həm istehsalçı, həm də paylayıcıdır, bu, qətiyyən düzgün deyil. “Azəriqaz” ayrıca bir qurum olmalıdır. Hesab edirəm ki,  konsesiya haqqında qanun qəbul edilməlidir və kommunal sektorda idarəçilik özəl sektora verilməlidir”.

İqtisadçı hər il dövlət büdcəsindən bu sektora milyardlarla vəsait ayrılmasına diqqət çəkir: “Amma bunun səmərsi yoxdur, bu qurumlar büdcədən asılı vəziyyətə düşüblər. Bir tərəfdən büdcədən pul ayrılır, o biri tərəfdən tariflər qaldırılır. Həmçinin deyirlər ki, bizim gəlirlərimiz xərclərimizi ödəyə bilmir”.

S.Əliyev kommunal sektora xarici şirkətlərin cəlb olunmasını təklif edir: “Biz qaz, su, elektrik satışını xarici investorlara həvalə edə bilərik”.

Ekspert SOCAR-la bağlı da ciddi qərarların verilməli olduğunu vurğulayır:

“Ən böyük vergi ödəyicisi olan bu dövlət şirkətinin illik dövriyyəsi büdcədən 3-4 dəfə çoxdur. Hesab edirəm ki, bu şirkətdə şəffaflığın təmin olunması çox vacibdir. SOCAR-ın tərkibində çoxlu sayda törəmə şirkətlər var ki, onlar özəlləşdirilməlidir. SOCAR-ın özünün hüquqi status isə qeyri-müəyyəndir. Onun faliyyətinə görə kim məsuliyyət daşıyır, bu, aydın deyil. Fikrimcə, SOCAR səhmdar cəmiyyətə çevrilməlidir. Onun tam və ya qismən özəlləşdirilməsi də müzakirə mövzusu ola bilər. SOCAR-ın səhmdar cəmiyyətə çevrilməsi, onun səhmlərinin bir qisminin xarici investorlara satılması, qarşılıqlı nəzarət sisteminin qurulması faydalı olardı”.

Samir Əliyev SOCAR-ın qısa və uzunmüddətli borclarının ümumi dövlət borcundan çox olmasına diqqət çəkir: “Şirkətin hardasa 15 milyard dollar civarında xarici borcu var. Bu hələ 2017-ci ilə olan məlumatdır. 2018-ci ildə də SOCAR xeyli əlavə borclanmaya getdi. Bu qədər borcların qaytarılması əlavə problemlər yarada bilər. Nəzərə alsaq ki, Azərbaycanın dövlət borcu az deyil – 9 milyard dollardır. Üstəlik, SOCAR-ın xarici borclarını da gələcəkdə qaytarmaq məcburiyyətində qalacaq. Bu isə kifayət qədər ağır yükdür”.

Ekspert hesab edir ki, dövlət şirkətlərinə büdcədən ayrılan dotasiyalar dayandırılmalıdır. Çünki büdcənin onlara verdiyi pul, onlardan aldığından daha çoxdur: “İslahatlar kommunal sektorda, həmçinin dövlət idarəçiliyində aparılmalıdır. Nazirliklərin nəzdində müxtəlif şirkətlər, qurumlar yaradılır. Məsələn, Mənzil İnşaatı Üzrə Dövlət Agentliyi yaradılıb, bu, faktiki tikinti şirkətlərini sıxışdırıb bazardan çıxarır. Ümumilikdə dövlət bütün sahələrdə siyasəti müəyyənləşdirib həyata keçirməlidir. Xidmət, satış və s. işlər isə özəl qurumlara həvalə olunmalıdır”.

Strateq.az