XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

24 Fevral 2016 - 12:35

2016-cı il dövlət büdcəsinin xərcləri 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata çatdırılacaq

Samir Şərifov

 

2016-cı il dövlət büdcəsinin xərcləri 2 milyard 231 milyon manat və ya 13,7 faiz artırılaraq 18 milyard 495 milyon manata çatdırılacaq.

 

Strateq.az-ın azertag.az-a istinadən verdiyi xəbərə görə, bu barədə məlumat verən maliyyə naziri Samir Şərifov qeyd edib ki, xarici kreditlər hesabına maliyyələşən layihələrlə bağlı xərclər üzrə tətbiq olunan artımları da nəzərə alınsa, faktiki olaraq dövlət büdcəsinin xərcləri üzrə artım 3 milyard 922 milyon manat və ya 24,1 faiz çox olacaq:  

 

"Artımlardan sonra iqtisadi təsnifata uyğun olaraq, 2016-ci il dövlət büdcəsinin xərclərinin 65,5 faizini və ya 12 milyard 106 milyon manatını cari xərclər, 24,9 faizini və ya 4 milyard 614 milyon manatını əsaslı xərclər, 9,6 faizini və ya 1 milyard 775 milyon manatını dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcək. Müvafiq olaraq dövlət büdcəsinin xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 2,9 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,9 faiz artacaq, əsaslı xərclərin xüsusi çəkisi isə 4,8 faiz azalacaq".

 

Nazir diqqətə çatdırıb ki, dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 37,8 faiz səviyyəsində olacaq ki, bu da təsdiq olunmuş büdcəyə nisbətən 1,7 faiz-bənd çoxdur. Manat ifadəsində bu xərclər təsdiq olunmuş göstərici ilə müqayisədə 1 milyard 290 milyon manat və yaxud 24,1 faiz artaraq 7 milyard 160 milyon manat təşkil edəcək. Bütövlükdə tətbiq edilən 3 milyard 922 milyon manat artımın 1 milyard 290 milyon manatı və ya 32,9 faiz sosialyönümlü xərclərin, 1 milyard 23 milyon manatı və ya 26,1 faizi investisiya və xarici kreditlər üzrə həyata keçirilən layihələrdə pay iştirakı xərclərinin, 845 milyon manatı və ya 21,5 faizi dövlət borcuna xidmət və valyuta tənzimlənməsi xərclərinin, 330 milyon manatı və ya 8,4 faizi müdafiə və təhlükəsizlik xərclərinin, 171 milyon manatı və ya 4,4 faizi Azərbaycanın xaricdə olan diplomatik orqanlarının saxlanılması, beynəlxalq təşkilatlara üzvlük haqqı, beynəlxalq idman tədbirlərinin keçirilməsi xərclərinin, 134 milyon manatı və ya 3,4 faizi ölkədə sahibkarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi xərclərinin, 129 milyon manatı və ya 3,3 faizi bir sıra zəruri xərclərin tənzimlənməsinə sərf ediləcək.

 

Əsaslı xərclərin artımına yönəldilmiş vəsaitin böyük hissəsi "Cənub Qaz Dəhlizi” (CQD) layihəsində Dövlət Neft Şirkətinin iştirak payının maliyyə təminatına və dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına həyata keçirilən investisiya layihələrinin və bu layihələrdə Azərbaycan tərəfinin maliyyələşdirdiyi öhdəliklərin yerinə yetirilməsinə yönəldiləcək. 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin kəsiri təsdiq olunmuş büdcəyə nisbətən 25 milyon manat azalaraq 1 milyard 673 milyon manat və ya gözlənilən ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcək. Kəsirin, əsasən, ilin sonuna vahid xəzinə hesabının qalığının, özəlləşmədən, qiymətli kağızların satışından daxilolmaların və cüzi bir hissəsinin xarici qrantlar hesabına örtülməsi nəzərdə tutulur.

 

"2016-cı il üçün dəqiqləşmiş icmal büdcənin gəlirləri 15 milyard 739 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş büdcəyə nisbətən 5,9 faiz və ya 981 milyon manat azdır. Azalma, əsasən, 1 barrel xam neftin qiymətinin büdcə üçün qəbul edilmiş proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230 milyon manat azalması hesabınadır. İcmal büdcənin xərcləri 24 milyard 567 milyon manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 4 milyard 610 milyon manat çox proqnozlaşdırılıb", – deyə nazir vurğulayıb.