XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

20 Fevral 2019 - 09:35

Zəruri ərzaq və gündəlik istehlak malları sürətlə bahalaşır –Ekspert gizli inflyasiyanı səbəb göstərir

Fevralın 18-də 2 manata qədər olan siqaretlər 20 qəpik, 3 manata qədər olan siqaretlər isə 30 qəpik artıb. Unun qiymətində də ciddi artım var. 50 kiloqramlıq un kisəsi 3,5 – 4 manat bahalaşıb.

Bakıdakı marketlərdən birinin sahibi Dəyanət Babayev  “Azadlıq” radiosuna deyib ki, deyir ki, ümumiyyətlə, son bir ayda az qala bütün məhsulların qiymətində artım var. Onun sözlərinə görə, qida məhsullarının 80 faizində bahalaşma hiss olunur: “Əsas un və siqaret bahalaşıb. Digər bütün məhsulların da qiymətində az da olsa artım var”. Dəyanət Babayev artımın səbəblərini bilmir. Deyir ki, onların məhsul aldığı topdansatışda qiymətlər artıb.

Bakı sakini Esmira Əhmədova deyir ki, əvvəllər həftəyə 100 manatlıq alış-veriş edirdisə, indi qənaətlə belə 200 manat bəs etmir. Onun sözlərinə görə, süd məhsulları, kərə yağı, əsas da çörək bahalaşıb:

“40 qəpiyə çörək alırıq, bir nəfər yeyib heç doymur. Bizdə 5 uşaq var, ailə, uşaqla birgə yaşayırıq. Günə 6-7 çörək alırıq, çatmır bizə. Çox bahadır”. Esmira Əhmədova deyir ki, bəzi çörək sexləri qiyməti olduğu kimi saxlasa da, çörəyin çəkisini azaldıblar.

Bayram bahalaşma ilə gəlir

İqtisadiyyat naziri Şahin Mustafayev də dünən jurnalistlərə çörəyin qiymətinin artmasından danışıb. O, bildirib ki, çörəyin qiymətində artım gözlənilmir:

“Taxıl idxal etdiyimiz ölkələrin bəzilərində bu məhsul bahalaşıb. Bu da Azərbaycanda qiymətlərdə əks oluna bilər. Amma biz tədbirlər görürük ki, qiymətlərdə artım olmasın”. Ərzaq məhsullarına gəldikdə isə, Şahin Mustafeyev deyib ki, bu məhsulların qiymətlərinin süni şəkildə artırılması müşahidə olunmur.

İqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, son artımlar gizli inflyasiyadan xəbər verir. O, mart ayında, bayramqabağı da bahalaşma olacağını proqnozlaşdırır. Bazarlarda tərəvəz, özəlliklə, soğan, kartofun qiymətində artım müşahidə olunur. Kərə yağı, pendir və digər süd məhsullarında da bahalaşma var.

Gizli inflyasiya

Son bahalaşmaları iqtisadçı ekspert Qubad İbadoğlu 3 istiqamətdən təhlil edir. Əsasən bostan tərəvəz və ətin bahalaşmasını mövsümi səbəblə izah edir. Qubad İbadoğlu siqaret, enerji içkilərinin qiymətindəki bahalaşmanı gömrük rüsumları, aksiz vergilərinin artırılmasına bağlayır. Onun fikrincə, idxaldan aslılığa görə isə kərə yağı, un, süd məhsulları bahalaşıb. Amma Qubad İbadoğlu son artımlarda gizlin inflyasiyanı ön plana çəkir:

“Çörəyin qiymətindəki artım gizli inflyasiyadır. Bu da çörəyin çəkisinin azaldılması ilə nəticələnir. Çörəyin çəkisinin azadılması, əslində qiymətin bahalaşmasıdır. Bu da inflyasiyanı gizlətmək məqsədi daşıyır. Bundan başqa qiyməti tənzimlənən bəzi məhsulların da bahalaşması gözlənilir. Eyni zamanda aksiz markalı malların da bahalaşması müşahidə olunur”. Qubad İbadoğlu bildirir ki, qiymət artımı vətəndaşların ailə büdcəsinə təsirsiz ötüşməyəcək.