XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 14:07

Nazirlik tələbələrə 630 vakant vəzifə təklif etdi – Yarmarka
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti «Karyerada ilk addım» devizi altında Azərbaycan Texniki Universitetində aktiv məşğulluq tədbiri keçirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədinə xidmət edən tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları da iştirak edib:
“Bu aktiv məşğulluq tədbirində 15-i dövlət, 88-i qeyri-dövlət sektoruna aid ümumilikdə 103 müəssisə tərəfindən 630-a yaxın boş (vakant) iş yeri təklif olunub. Boş iş yeri təqdim edən müəssisələr sırasında ARDNŞ, “Bakı Gəmiqayırma Zavodu” MMC, “Azərcell Telekom” MMC, “Bakcell LTD” MMC, “Azərfon” MMC, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası, Qaradağ Sement ASC, “Norm” MMC, “Baku Electronics” MMC, “Parabank” ASC, “Embawood” və digər iri şirkətlər də olub. Müəssisələrin nümayəndələrinin də iştirak etdikləri tədbirdə tələbə və məzunlara mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda onların ixtisaslarına olan tələbat barədə məlumatlar verilib. Onlar işəgötürənlərlə bilavasitə qarşılıqlı ünsiyyət imkanı qazanaraq, gələcəkdə işləmək istədikləri müəssisələrin işəgötürənlərinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər”.
Tədbir zamanı boş iş yerlərinə göndərişlər də verilib, habelə adıgedən universitetlərin məzunları olmuş bir sıra şəxslərin istəklərinə uyğun olaraq ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində ixtisasartırma kurslarına cəlb olunmaları üçün qeydiyyatı da aparılıb. Bununla yanaşı, Bakı Əmək Birjasının nümayəndəsi də tədbirdə iştirak edərək, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən şəxsləri qeydiyyata götürüb.