XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Mart 2019 - 14:15

Neft Fondu keçən ilki gəlirini açıqladı –Neft və qazın satışından  9,8 milyard dollar qazanmışıq

“Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsində 6,2 milyard manat profisit yaranıb. Fondun aktivləri təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara yüksəlib”. 

Strateq.az bildirir ki, bu barədə Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərtac-a müsahibəsində bildirib: “Neft Fondunun 2018-ci il büdcəsində gəlirlər 15,3 milyard manat, xərclər 11,5 milyard manat, profisitin 3,8 milyard manat nəzərdə tutulmasına baxmayaraq, xam neftin faktiki qiymətinin büdcədə nəzərdə tutulan 55 ABŞ dolları ilə müqayisədə daha yüksək olması nəticəsində ARDNF-in büdcəsində 6,2 milyard manat profisit yaranıb”.

2018-ci ilin əvvəlinə 35,8 milyard dollar səviyyəsində olan Dövlət Neft Fondunun aktivlərinin həcmi ilin sonuna təqribən 7,6 faiz artaraq 38,5 milyard dollara çatıb.

Ş.Mövsümov 2018-ci ildə Neft Fondunun neft və qaz satışından əldə olunan gəlirləri də açıqlayıb. Onun sözlərinə görə, ARDNF-in 2018-ci il büdcəsində neftin bir barrelinin qiyməti 55 dollar səviyyəsində qəbul edilib. Lakin il ərzində neftin dünya bazarında satış qiymətinin büdcədə nəzərdə tutulandan yüksək olması ilə əlaqədar Dövlət Neft Fondunun neft və qaz gəlirləri büdcədə nəzərdə tutulana nisbətən çox olub: “Ötən il ərzində ARDNF-in mənfəət nefti və qazın satışı ilə bağlı gəlirləri təxminən 9,8 milyard dollar təşkil edib”.

Bundan başqa “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il 14 sentyabr tarixli Sazişə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur ki, bonus məbləğinin ilk hissəsinə aid 450 milyon dollar vəsait 2018-ci ildə ARDNF-ə daxil olub. Bonusun ikinci hissəsi – 450 milyon dollar cari ilin yanvarında ödənilib.

2019-cu ilin gözləntiləri barədə danışan Fondun rəhbəri deyib ki, bu il üzrə büdcə layihəsində neftin bir barrelinin satış qiyməti dövlət büdcəsində olduğu kimi 60 dollara bərabər götürülüb: “Proqnozlaşdırılan qiymət səviyyəsinə uyğun olaraq, cari ildə Neft Fondunun büdcə gəlirləri 15,5 milyard manat səviyyəsində nəzərdə tutulub. Fondun 2019-cu il üzrə proqnozlaşdırılan xərcləri 11,6 milyard manat təşkil edir ki, bunun 11,4 milyard manatını (98 faiz) dövlət büdcəsinə transfert, 200 milyon manatını (1,7 faiz) məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlər, 30,9 milyon manatını (0,3 faiz) isə ARDNF-in idarə edilməsi ilə bağlı xərclər təşkil edir”.

Ş. Mövsümov bildirib ki, dövlət büdcəsinin 2019-cu ildə ümumi gəlirlərinin 23,2 milyard manat səviyyəsində olacağı proqnozlaşdırılır ki, onun tərkibində neft sektorundan daxilolmaların 13,7 milyard manat təşkil edəcəyi gözlənilir: “Beləliklə, dövlət büdcəsi gəlirlərinin 49 faizinin Neft Fondundan edilən transfertlər hesabına formalaşacağı proqnozlaşdırılır. Bununla yanaşı, ARDNF-in transfertlərinin dövlət büdcəsinin neft gəlirlərində payının təqribən 83 faiz təşkil edəcəyi gözlənilir”.