XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2019 - 19:28

Bərpaolunan enerji üzrə qanunvericiliyin hazırlanması… –Nazirlikdə görüş oldu

Energetika Nazirliyinin təşkilatçılığı, müvafiq dövlət qurumları, beynəlxalq təşkilatlar və maliyyə qurumlarının nümayəndələrinin iştirakı ilə bərpaolunan enerji qanunvericiliyinin hazırlanmasında dövlət və özəl sektorun əməkdaşlığına dair növbəti dəyirmi masa keçirilib.

Nazirlikdən Strateq.az-a bildirilib ki, energetika nazirinin müavini Samir Vəliyev hazırda bərpaolunan enerji sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, enerji alqı-satqı müqavilələrinin, hərrac mexanizmlərinin hazırlanması istiqamətində mühüm addımların atıldığını və investorların maraqlarının təmin edilməsi, risklərin qiymətləndirilməsi ilə bağlı təkliflər nəzərə alınaraq tədbirlərin görüldüyünü deyib.

“DNV-GL” şirkətinin eksperti İlka Levinqton isə bərpaolunan enerji sahəsində müvafiq normativ hüquqi aktların hazırlanması ilə bağlı görülən işlər barədə məlumat verib. O, zəmanətli tarif sisteminin, vergi və gömrük güzəştlərinin tətbiqini, bərpaolunan enerji ilə bağlı layihələrə dəstəyi vacib sayıb.

Tədbirdə ekspertlər tərəfindən bərpaolunan enerji mənbələri üzrə seçilmiş ərazilərin hərraca çıxarılması, qarışıq hərrac modelinin tətbiqinin öyrənilməsi, sadələşdirilmiş lisenziya və icazə ilə bağlı təkliflər mexanizminin hazırlanması, əlavə maliyyə mənbələrindən istifadə edilməsi və pərakəndə tarif qiymətlərinin nəzərə alınması kimi təkliflər irəli sürülüb.

Sonra “Bərpaolunan enerji hərracları” mövzusunda təqdimat dinlənilib. Bildirilib ki, ilkin olaraq 1000 meqavatadək güc üçün ərazilər müəyyən edilib ki, bu ərazilərdə 600 meqavatlıq külək, 400 meqavatlıq isə günəş elektrik stansiyaları tikmək mümkündür. İndiyə kimi bərpaolunan enerji potensialına malik 20-dək ərazi müəyyən edilib və texniki təhlillər aparılıb. Həmin ərazilərdə şəbəkələrin stansiyalara qoşulma imkanları, ətraf mühitə təsirin qiymətləndirilməsi məsələləri ilə bağlı məlumatlar da diqqətə çatdırılıb.