XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 10:37

“Neft Fondunun hər 1000 dollardan qazancı 5 manata çatmır” –İqtisadçı Nemət Əliyev ARDNF-ı "topa tutdu"

“Dövlət Neft Fondu 2018-ci ildə yeni rekorda imza atıb və bununla da sözün həqiqi mənasında şok yaşadıb. 38,5 milyard dollarlıq maliyyə vəsaitlərinin idarəçiliyindən vur-tut 0,35% gəlir əldə eləyib Dövlət Neft Fondu. Belə yerdə deyiblər ki, aldım qoz, verdim qoz!..”

Strateq.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Nemət Əliyev bildirib.

“Bu gəlirlilik səviyyəsi son 14 ilin ən pis göstəricisidir. 0,35%-lik gəlir cəmi-cümlətanı 181 milyon manat və ya Mərkəzi Bankın hazırkı rəsmi məzənnəsi ilə çevirsək, 106,5 milyon dollar deməkdir. Belə çıxır ki, Neft Fondunun xarici ölkələrdə saxladığı milyardların hər 1000 dolları il ərzində vur-tut 4 manat 70 qəpik və ya 2 dollar 77 sent gəlir gətirib. Heç şübhə etmirəm, sizlər də şübhə etməyin ki, bu dərəcədə ucuz faizlərlə pul əldə etmək imkanı olsaydı, bir xalq kimi dünyanın ən varlı xalqları sırasında yer tuta bilərdik”-deyə iqtisadçı qeyd edib.

N.Əliyev hesab edir ki, Neft Fondunun gəlirlilik səviyyəsi heç əvvəlki illərdə də diqqət çəkən olmayıb və hər cür tənqidə hədəf gəlib:

“İllik gəlirlilik səviyyəsi 2017-ci ildə 1,88%, 2016-cı ildə 1,92%, 2015-ci ildə 1,24%, 2011-ci ildə 0,83%, 2010-cu ildə 0,99% və s olub. Bu faizlər Azərbaycan banklarının Azərbaycanda tətbiq elədiyi faiz dərəcələri ilə müqayisədə bir heçdir. Fondun 2018-ci ildə göstərdiyi nəticədən isə danışmağına dəymir. Nəticə çıxarmaq baxımından ibrətamizdir ki, çökmüş vəziyyətdə olan Azərbaycan bankları idarə elədiyi 7,4 milyard dollarlıq kredit resursları ilə 2018-ci ildə Azərbaycan müştərilərinin canından 1 milyard 753 milyon manat faiz gəliri çıxarıb. Başqa sözlə desək, 5 dəfə az resursla 9,7 dəfə çox gəlir götürə bilib batmış banklarımız. Elə isə çökmüş banklarımızın yerli müştərilərin canından çıxardığını 26 mərtəbəli göydələnə dikələn Neft Fondumuz niyə əcnəbi müştərilərin cibindən çıxara bilməyib?”.

Eksper sual edir ki, dünyanın maliyyə bazarlarında maliyyə resurslarının qiymətləri bahadırsa, Fond niyə qazana bilməyib o bahalıqdan? “Yox, əgər bu dərəcədə ucuzluqdursa, o zaman bahalı pul siyasətinin təsirindən beli bükülmüş vətəndaşlarımıza o ucuz maliyyə vəsaitlərindən niyə pay düşməyib?”.

Strateq.az