XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 March 2019 - 15:07

İqtisadçı Rövşən Ağayev:"Bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır"

“Vətəndaşın kreditlərini dövlət qaytarır, əmanətlərini dövlət qaytarır, nəhəng bir bankın xarici borclarlarını dövlət qaytarır, iri şirkətlərin borclarını dövlət qaytarır, sahibkara dəyən ziyanı dövlət qaytarır. Bu qədər yükə dövlət dözməz”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, bu qədər nəhəng yük dövlətin üzərində qalırsa, demək ki, sistem çalışmır, bank sistemi riskləri hesablaya, sığorta sistemi riskləri sığortalaya, yanğın təhlükəsiziliyi öz sahəsinə aid riskləri görə, vergi sistemi şəffaf dövriyyə yarada bilmir ki, sığorta mexanizmləri riskləri sığortalamağa çətinlik çəkməsin: “Bu qədər “sistem” sözü, sistem qüsuru olan yerdə fərdlərdə günah axtarmaq havaya vaxt itkisidir. Sistem islahatlarına ehtiyac var. Kabinetlərdə qəbul edilən qərarlara deyil, ortaq ağıla söykənən, cəmiyyətin bütün kəsimlərinin prosesdə iştirakına zəmanət verən, onların rəyini və ehtiyaclarını nəzərə alan mexanizmin çalışmasına ehtiyac var. Əks halda, heç bir dövlət bu qədər yükə tab gətirməz”.

İqtisadçı bildirir ki, sistem düzgün çalışsaydı, dövlət bu qədər izafi və gərəksiz yükə məruz qalmasaydı, həmin vəsaitlər insanların sağlamlığına, təhsilinə, elmə, iqtisadiyyatda yüksək texnologiyaların tətbiqinə, ölkənin ekologiyasına sərf edilsə idi, cəmiyyətimiz çox qazanardı: “Bizim vəziyyətimiz indi təxminən belədir: ata (bizim reallıqda neft) nəhəng pullar qazanır, amma övlad bu pulları dəbdəbəli mənzillərə, avtomobilə xərcləyir. Amma onları da ya yandırır, ya da daşa-divara çırpıb yenilərini alır”.

Ekspert deyir ki, bu sözləri ilə insanlara çətin vəziyyətdə əl uzatmağın əleyhinə deyil, sadəcə, SOS-dur: “Heç olmazsa, bundan sonra sistemin düzgün çalışmasına nail olmaq üçün SOS. Mən sadəcə dövlətin səmərəsiz çalışmasından doğan narahatlığımı ifadə edirəm”.