XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Aprel 2019 - 12:11

Bəzi iqtisadi cinayətlər daha cinayət sayılmayacaq –Deputat təkliflərin hazırlandığını açıqladı

“Prezident İlham Əliyev “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın bir sıra müddəalarına əsasən, qanunvericilikdə, normativ sənədlərdə dəyişikliklərin edilməsini, yeni sənədlərin hazırlanmasını artıq tövsiyə edib”.

Bunu ONA-ya müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri qeyd edib ki,  fərmanın 4-cü maddəsində göstərilib ki, sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə mülki prosessual qanunvericilik kompleks şəkildə təhlil edilsin və bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla dəyişikliklər həyata keçirilsin: “Bu, təkcə sahibkarlıq fəaliyyətini yox, həm də mülki işləri, iqtisadi mübahisələri əhatə edir. Gələcəkdə bizim qarşımızda mülki prosessual qanunvericiliyə dəyişiklik edilməsi məsələsi durur. Təbii ki, bunu ilk növbədə müvafiq dövlət və məhkəmə orqanlarından ibarət işçi qrupu həyata keçirəcək və növbəti mərhələdə parlamentə təqdim olunacaq”.

Əli Hüseynli bildirib ki, fərmanın müddəalarını yerinə yetirmək məqsədilə mövcud məhkəmə-hüquq sahəsini tənzimləyən qanunlara da dəyişiklik edilməlidir: “Əgər yeni bir məhkəmə yaradılırsa, mütləq onun qanunvericilik bazası da yaradılmalıdır. Bildiyiniz kimi, 2017-ci ilin fevralında ölkə Prezidentinin cəza siyasətinin humanistləşdirilməsi ilə də bağlı fərmanı olmuşdu. Həmin fərmanın icrası və yeni fərmanın ruhuna uyğun olaraq gələcəkdə cinayət qanunvericiliyinin əsasən iqtisadi sahədə cinayətlərlə bağlı bir sıra maddələrinin dekriminallaşdırılması nəzərdə tutulur. Bununla bağlı işçi qrup təkliflərini yekunlaşdırıb təqdim etməlidir”.