XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2016 - 16:09

Hökumət qeyri-neft məhsullarının ixracını artırmaq istəyir- Prezident sərəncam imzaladı

 

Ilham Eliyev

 

Prezident İlham Əliyev "Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında"  Fərman ımzalayıb.

 

Fərmanda deyilir:

 

1. Azərbaycan Respublikasının ərazisində istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan Respublikasının ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödənilsin.

 

2. Müəyyən edilsin ki, ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

3.1. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydası”nı, “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə siyahısı”nı və “Məhsulların növündən asılı olaraq ixrac təşviqinin baza məbləğinə tətbiq olunacaq əmsalları” Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

 

3.2. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan ixrac təşviqinin ödənilməsi üçün cari ilin dövlət büdcəsində və 2017-2020-ci illərin dövlət büdcəsində zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin;

 

3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

5. Bu Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir və 2020-ci ilin dekabrın 31-dək qüvvədədir.