XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

03 May 2019 - 16:18

ƏƏSMN-də kollegiya iclası:"Kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq"

“Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, aidiyyəti qurumlarla birgə kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı birgə işlər aparılacaq və kəndlərlə bağlı yeni inkişaf konsepsiyası hazırlanacaq”.

Strateq.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən bildirir ki, bunu nazir Sahil Babayev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir diqqətə çatdırıb ki, hələ ötən ildən dövlət başçısının göstərişləri əsasında reallaşdırılan yeni islahatlar kursu 2019-cu ilin ilk rübündə artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib.

S.Babayev bildirib ki, cari ilin ilk aylarından dövlət başçısının imzaladığı fərman və sərəncamlarla əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn mühüm addımlar atılıb. Minimum əməkhaqqının və minimum pensiya məbləğinin təxminən 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırılması, həmçinin tələbələrin təqaüdlərində əhəmiyyətli artımın edilməsi, fiziki şəxslərin problemli kreditlərinin həllinə yönələn mühüm addım və s. kimi tədbirlər 3 milyondan çox insanın rifahına ciddi dəstək olub.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial sahə ilə bağlı müəyyən etdiyi vəzifələri diqqətə çatdıran nazir bu vəzifələrin hər birinin yüksək səviyyədə icrası üzrə məqsədyönlü işlərin aparılacağını vurğulayıb.

O bildirib ki, özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki ilə nisbətən 6,5 dəfə çox şəxs cəlb edilib. Beynəlxalq qurumlarla əməkdaşlıq imkanlarından da istifadə olunmaqla, özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi, proqramın icrası, proqram çərçivəsində yaradılan təsərrüfatlara, müəssisələrə nəzarət və dəstək mexanizminin təkmilləşdirilməsi işləri aparılacaq.

S.Babayev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü olan və ölkəmizin yeni brendinə çevriləcək DOST (Dayanıqlı və Operativ Sosial Təminat) layihəsi yaxın günlərdə DOST Agentliyinin və ilk “DOST” mərkəzinin açılışı ilə reallaşacaq. Bu, 2019-cu ilin sosial sahədə ən önəmli hadisələrindən biri olmaqla, dövlət sosial xidmətləri sahəsində keyfiyyətcə yeni inkişaf mərhələsinin başlanmasını təmin edəcək. Nəticədə bu xidmətlərin vahid platforma və bir pəncərədən, şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi təmin ediləcək.

Cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi elektron pensiya təyinatına keçildiyini deyən nazir bütün sosial təminat sistemi üzrə bu innovativ təcrübənin genişlənməsi işlərinin davam edəcəyini, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində “Məşğulluq” altsistemi ilə yanaşı, bu il digər bir sıra yeni elektron sistemlərin, o cümlədən yaxın aylarda “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin də işə salınacağını bildirib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatından bəhs edən S.Babayev qeyd edib ki, ötən ilin noyabrından başlayaraq 6338 şəhid üzrə 9300-ə yaxın vərəsəyə birdəfəlik ödəniş edilib. Nazirlikdəki komissiyanın yeni qəbul etdiyi qərarla yaxın bir həftədə daha 2350 şəhid üzrə 3414 vərəsəyə ödəmə veriləcək. 2019-cu ildə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olanlara azı 800 mənzil, müharibə ilə əlaqədar əlilliyi olanlara 600 avtomobil veriləcək. Bu il müasir tələblərə uyğun yeni sosial xidmət və reabilitasiya müəssisələri də vətəndaşların istifadəsinə təqdim olunacaq.

Aktiv məşğulluq tədbirlərinin nəticələrindən, bu tədbirlərin genişləndirilməsi və səmərəliliyinin artırılması üçün görülən işlərdən də bəhs olunub.

İclasda Prezident İlham Əliyevin sosial islahatlar proqramının icrası sahəsində görülən işlər və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanovun, Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynovun, Əlilliyi olan şəxslərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayevin, Əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmovun çıxışları dinlənilib. “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair hazırlanmış Tədbirlər Planı layihəsi, bir sıra aidiyyəti normativ aktlara, həmçinin ayrı-ayrı sahələrlə bağlı Vahid Tarif-İxtisas Sorğu Kitabçalarına dəyişiklik edilməsi və s. məsələlər də müzakirə olunub.