Jurnalist Afaq Vasifqızı “Beynəlxalq bank”ın kartına gündəlik 300 AZN limit tətbiq edilməsinə etiraz edib.
“Ölkə xaricindəyəm. “Beynəlxalq bank”dakı pulumu rahat xərcləyə bilmirəm. Bank puluma limit qoyubmuş. Niyə? Və nə haqla? Həm də müştəriyə demədən. Gündəlik 300 azn-lik limit. Bu nə haqsızlıq? Mənim bəlkə səfərimin son günüdür? Alış-verişi də bu günə saxlamışam bəlkə?”.
Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən bildirilib ki, müştəri ilə əlaqə yaradılıb, yaranmış vəziyyətin səbəblərinin ona izah edilib və probleminin həllinə kömək göstərilib.
O da qeyd edilib ki, ödənişlərdə hər hansı risk ehtimalı olduqda müştərilərin kart hesablarındakı vəsaitlərin təhlükəsizliyi üçün müəyyən önləyici tədbirlər həyata keçirilir: “Məsələn, 3D təhlükəsizlik xidmətinə qoşulmamış kartlarla onlayn əməliyyatların aparılmasında, yaxud xarici ölkələrdə maqnit lentli POS terminallarla ödənişlər zamanı mümkün riskləri nəzərə alaraq müəyyən məhdudiyyətlərin yaranması mümkündür. Müştəri bu zaman Azericard prosessinq mərkəzinə müraciət edə bilər. Müştərilərin müraciətləri 24/7 rejimində qəbul edilir və onların üzləşdikləri çətinliklərin həllinə anında kömək göstərilir”.
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Bizimyol.info saytına bildirib ki, , müqavildə bankın bu cür limit tətbiq etdiyi qeyd edilibsə, bu halda müştərinin hüquqları pozulmur.
Ekspert qeyd edir ki, banklar bu cür limiti qanunsuz pul çıxarmalarına qarşı tədbir kimi tətbiq edirlər: “Banklar ona görə günlük limit tətbiq edirlər ki, kimsə kartdan qanunsuz pul şıxarmaq istəsə, çox yüksək məbləğ çıxara bilməsin. Çünki bir çox halda az məbləğə görə qanunsuz pul çıxarmağa risk etmirlər. Yaxud çıxarsalar belə, bu halda müştərinin xəbəri olur və bankla müvafiq addımlar ata bilir”.