XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 23:19

Ölkədəki bankların aktivləri 30 milyard manata çatır- Açıqlama

Aprelin 30-na Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 769,1 milyon manat, ümumi öhdəlikləri isə 25 milyard 349,3 milyon manat təşkil edib. Sektorun balans kapitalı 4 milyard 419,8 milyon manat olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, aprel ayına sektorun aktivlərinin 42,6 faizini kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0,3 faiz (30,3 milyon manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12 milyard 674,8 milyon manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, apreldə milli valyutada kreditlər 1,4 faiz (110,9 milyon manat) artaraq 8 milyard 93,9 milyon manata çatıb.

Apreldə fiziki şəxslərin əmanətləri 8 milyard 625,2 milyon manat təşkil edib, əmanətlər 4,5 faiz (371,7 milyon manat) artıb. Ay ərzində fiziki şəxslərin depozit portfelinin artımı müddətli və tələbli əmanətlər hesabına olub. Ötən ay fiziki şəxslərin tələbli əmanətləri 13,2 faiz (367,8 milyon manat) artaraq 3 milyard 155,5 milyon manat, müddətli əmanətlər isə 0,1 faiz (3,9 milyon manat) çoxalaraq 5 milyard 469,7 milyon manat təşkil edib.

Hüquqi şəxslərin müddətli depozitləri ilin əvvəli ilə müqayisədə 19,2 faiz (278 milyon manat) artaraq 1 milyard 727,7 milyon manata çatıb. Hüquqi şəxslərin ümumi depozitləri ayın sonuna 10 milyard 176,4 milyon manat olub.

Sektorun balans kapitalı apreldə 2,5 faiz (106,1 milyon manat) artaraq 4 milyard 419,8 milyon manata çatıb.

Keçən ay bankların əməliyyat mənfəəti 288,4 milyon manat, xalis mənfəəti isə 347,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz gəlirləri 14,8 faiz, kreditlər üzrə faiz gəlirləri isə 18,2 faiz artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 128, ATM-lərin sayı 2544 olub. Bank sektorunun işçi heyətinin sayında artım apreldə də davam edib. Belə ki, ötən ay işçi sayı 1,3 faiz (233 nəfər) artaraq 17 min 982 nəfər təşkil edib.