XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 22:30

Avrokomissiya:"TANAP Türkiyənin regional və Aİ hüdudlarında enerji təhlükəsizliyinin güclənməsindəki rolunu artırıb"

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP təbii qaz boru kəməri layihəsinin birinci fazasının yekunlaşması ilə Türkiyənin regional və Avropa İttifaqı (Aİ) hüdudlarında enerji təhlükəsizliyinin güclənməsindəki rolu artıb.

Azərtac xəbər verir ki, bu barədə Avropa Komissiyasının “Türkiyə 2019” hesabatında deyilir.

Hesabatda TANAP-ın ilkin fazasının keçən ilin iyununda yekunlaşdığı qeyd edilir. Bildirilir ki, bu ilin iyununda TANAP-ın ikinci fazasının, yəni qazı TAP üzərindən Avropaya nəql edəcək mərhələnin tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentini təşkil edən TANAP keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 1,9 milyard kubmetr Azərbaycan təbii qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, cari ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Avropa Komissiyasının ortaq maraqlara xidmət edən 33 prioritet enerji təhlükəsizliyi layihəsi siyahısına daxil olunan TAP üzrə isə işlərin 87,5 faizi tamamlanıb. Uzunluğu 870 kilometr və dəyəri 4,5 milyard avro olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).