İyulun 1-dən Avropa maliyyə bazarlarında İsveçrə qiymətli kağızlarının alqı-satqısına qadağa qüvvəyə minir. Buna səbəb isə İsveçrənin Avropa İttifaqında (Aİ) qüvvəyə minən maliyyə bazarlarının nizamlanmasına dair yeni qaydalaları qəbul etməməsidir.
İsveçrə də öz növbəsində bu addıma qarşı tədbir görüb. İsveçrə Federal Şurası avropalı sərmayəçilərin İsveçrə bazarlarında qiymətli kağız alışını tənzimləmək üçün xüsusi mühafizə mexanizmi yaradıb. Bununla Avropanın qiymətli kağızların alqı-satqısı ilə məşğul olan şirkət və sərmayəçiləri ticarətinə icazə verilən aksiyaları İsveçrə bazarında nə təklif edə, nə də satın ala biləcəklər. Çünki Aİ-nin yeni maliyyə qaydalarına görə, qiymətli kağız əməliyyatları yalnız Avropa İttifaqı birjalarında və ya eyni qaydalarla fəaliyyət göstərən digər bazarlarda aparıla bilər. Bu bir tərəfdən İsveçrə birjası üçün dövriyyə itkisi olsa da, digər tərəfdən indiyədək bu bazarda aktiv olan Avropa şirkətləri də çətinliklər yaşayacaqlar.
İsveçrə Federal Şurasının yeni mexanizmi isə indiyədək aksiyaları “EuroStoxx”da təklif olunan İsveçrə şirkətlərinin (“Nestle”, “Novartis” və ya “Roche”) milli bazarda mövqeyini gücləndirəcək. Bu şirkətlərin aksiyalarına maraq göstərənlər onları əldə etmək üçün artıq Sürixə üz tutmalı olacaqlar. İsveçrə hökuməti bu addımla yerli birjanın (SİX) daha güclü maliyyə bazarına çevriləcəyinə ümid edir(azərtac).