XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

07 May 2015 - 08:24

Azərbaycanın iri bankirləri Nyu-Yorka niyə toplaşır?
ABŞ-la savaşın pula dəxli yoxdur: Azərbaycanın iri bankirləri Nyu-Yorka toplaşır
ABŞ-la Azərbaycan arasında münasibətlərin xeyli gərgin olduğu, prezident Barak Obamanın və administrasiyasının anti-Azərbaycan kampaniyasında ittiham olunduğu bir vaxtda Azərbaycanın iri bankirləri ABŞ-a toplaşır.
Strateq.az virtualorq.az-a istinadən xəbər verir ki, Azərbaycanın bank sektoru Nyu-Yorkda, mayın 26-da özünün ilk forumunu keçirəcək. “I Azərbaycan-ABŞ bank və maliyyə forumu” adlı toplantının məqsədi Amerikanın iri maliyyə təsisatlarını və şirkətlərini neftlə zəngin ölkənin investisiya imkanları ilə tanış etməkdir.
Toplantını Amerika-Azərbaycan Ticarət Palatası (USACC) təşkil edib. Foruma Azərbaycandan Beynəlxalq Bankın və “Pasha Bank”ın rəhbərlərinin başçılığı ilə geniş tərkibli nümayəndə heyəti qatılacaq.
“Biz istərdik ki, Amerika və Azərbaycan bankları arasında əməkdaşlıq yeni səviyyəyə qalxsın. Bu, təkcə ABŞ-la Azərbaycan arasında iqtisadi münasibətlərin genişlənməsinə imkan yaratmayacaq, ABŞ-ın bütövlükdə regionla iqtisadi münasibətlərini genişləndirəcək”- deyə “Pasha Bank”ın icraçı direktoru Fərid Axundov toplantı ilə bağlı bildirib.
USACC-dan yayılan açıqlamada deyilir ki, bu gün Azərbaycanın bank sektorunun liderləri ölkənin maliyyə sistemini Amerika bankları ilə möhkəm əlaqələr yaratmaqla yeni inkişaf səviyyəsinə qaldırmaq istəyirlər.
Amerika bankları Azərbaycan bankları üçün təkcə kapitallaşma mənbəyi deyil, eyni zamanda onlar sərfəli investisiya şərtləri də təmin edirlər.
Forum Nyu-Yorkdakı Harvard klubunda keçiriləcək, orada Amerika və Azərbaycanın maliyyə sektorunun liderləri, Dünya Bankının, BVF-nin və digər maliyyə institutlarının nümayəndələri çıxış edəcəklər.
Forum üç sessiyadan ibarət olacaq. Onlardan biri Azərbaycanın ticarət və maliyyə perspektivlərinə, digəri ölkənin investisiya imkanlarına, üçüncüsü regionda maliyyə dinamikasına və onun bank sektoruna təsirlərinə həsr olunacaq.
Göründüyü kimi, Vaşinqtonla Bakı arasında siyasi münasibətlərin gərgin olması, rəsmi dövlət qəzeti “Azərbaycan”ın az qala hər gün dövlət katibi Con Kerrini və prezident Barak Obamanı “ağ yuyub qara sərməsi” işgüzar münasibətlərə təsir etməyib. Və bu forumu Azərbaycanın bank sektorunun ölkənin müstəqillik əldə etməsindən bu yana ilk dəfə Amerika banklarına açılması kimi qiymətləndirmək olar.
Şübhəsiz ki, bu, olduqca mühüm hadisədir. çünki uzun illərdir Amerikanın bank nəhənglərinin Azərbaycanın maliyyə sektoruna daxil olması üçün göstərilən səylər baş tutmurdu. Daha dəqiq desək, Bakıda bu məsələyə çox ehtiyatla yanaşırdılar və ucuz Amerika kapitalının ölkənin bank sektoruna daxil olmasına yaşıl işıq yandırmaq istəmirdilər.
İndi isə vəziyyət dəyişib. Azərbaycanın bank sektorunda son illər onsuz da bir sıra ciddi problemlər hökm sürürdü, problemli kreditlərin həcmi durmadan artırdı. Bu ilin fevralında manatın 35 faiz devalvasiyasından sonra isə banklar daha da ağır duruma düşdü. Bəzi bankların müflis olması təhlükəsi yarandı. Bu böhran Azərbaycan bankirlərini məcbur edir ki, siyasi narazılıqları bir kənara qoyaraq Amerika bankları ilə əməkdaşlıq imkanları axtarsınlar.