İlham Şaban: “Buna açıq layihə deyirlər və Azərbaycana zərrə qədər də zərəri yoxdur”
Türkiyə hökuməti Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP)-a ortaqlıq üçün müraciət edən bir neçə şirkət ilə danışıqlar aparacaq. Bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Nazir deyib ki, TANAP kimi iri layihələrə inam artdıqca, tələblər də çoxalır: “Bu məsələ ətrafında konkret bir-iki şirkətlə danışıqlar aparacağıq”.
Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti – 58%, BOTAŞ – 30%, BP – 12%. Yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Taner Yıldızın layihəyə yeni üzvlərin cəlbilə bağlı şirkətlərlə danışıqlara başlamağa hazır olduğunu bəyan etməsi BOTAŞ-ın səhmlərinin bir hissəsindən imtina etmək istəməsilə bağlıdır.
Bunun Azərbaycan üçün nə kimi ziyanı ola bilər?
Neft sahəsi üzrə ekspert İlham Şaban bizimlə söhbətində billdirdi ki, TANAP konkret olaraq hansısa dövlətə məxsus olan layihə deyil: “Belə konsorsiumlarda bütün qərarlar kollegial şəkildə qəbul olunur. Bu tip layihələrdə yerdəyişmələrin olması təbiidir. Buna qeyri-adi baxmaq lazım deyil.
BOTAŞ-ın öz payından imtina etməsi baş verə bilər, ancaq bu o demək deyil ki, bizimlə maraqları uzlaşmayan bir dövlətin şirkətinə satacaq. Bizim və konsorsiuma daxil olan digər dövlətlərin etiraz etmək hüququ var. Bu cür perspektivli meqalayihələrdə heç vaxt yer boş qalmır. Payçı olmağı istəyənlər çoxdur. Biz 20 illik enerji siyasətimizdə “Azəri-çıraq”, “Şahdəniz” layihəsi çərçivəsində belə hallarla çox rastlaşmışıq. Buna açıq layihə deyirlər və Azərbaycana zərrə qədər də zərəri yoxdur”.
Məhəmmədəli QƏRİBLİ