Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib. Bu haqda fondun saytı xəbər verir.
İclas iştirakçıları ÇQ-nin 2016-cı il üzrə İş planının layihəsini və 2014-cü il üzrə MHŞT hesabatının yekun layihəsini müzakirə edərək təsdiqləyiblər.
İclasda Azərbaycanın MHŞT-nin tamhüquqlu üzvü statusunun bərpa edilməsi üçün nəzərdə tutulan islahedici tədbirlər və fəaliyyət planının icra vəziyyəti ətrafında müzakirələr aparılıb.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır.
Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.