XƏBƏR LENTİ

23 Sentyabr 2019

Digər Xəbərlər

12 Sentyabr 2019 - 14:19

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb –Statistika

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,9% üstələyərək 24,2 mlrd.manata bərabər olub.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ticarət dövriyyəsinin 12,2 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-avqust aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6% və 3,2% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-iərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1%-i elektrik malları və mebellərin, 5,5%-i avtomobil yanacağının, 1,3%-iəczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-avqust aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i ticarət müəssisələri, 49,3%-i fərdi sahibkarlar tərəfindən, 30,1%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 305,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 154,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 151,1 manatlıq qeyri-ərzaq məhsulları alıb/Report