"Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə yanvarın 29-dan başlanılacaq.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov yanvarın 28-də “Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
“Ümumilikdə, 7 min 342 nəfər qorunan əmanətçi var, ƏSF tərəfindən 6599 nəfər əmanətçiyə 24 milyon manat məbləğində kompensasiya veriləcək. Kompensasiyalar əmanətçilərə "Muğanbank" ASC-nin, Naxçıvanda isə "Rabitəbank" ASC-nin filialları vasitəsilə veriləcək", – deyə A.Cavadov diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli, 4 nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.