XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2019 - 17:31

Azərbaycanla Avropa arasında e-ticarət mübadiləsində qeyri-bərabərsizlik mövcuddur –"Azexport"

Azərbaycanın elektron ticarət (e-ticarət) sahəsində atdıqları addımlar Avropa bazarlarına nisbətən daha açıq və liberaldır.

Bunu “Azexport.az” portalının rəhbəri Zaur Qardaşov Avropa İttifaqının “EU4Digital” proqramının Azərbaycana verəcəyi imkanlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Avropa ilə Azərbaycan arasında elektron ticarət üzrə mal dövriyyəsində hələlik qeyri-bərabərsizlik mövcuddur: “Bu sahədə Azərbaycan Avropadan daha irəli gedib və Avropa bazarına nisbətdə ölkəmiz daha açıq və liberaldır. Belə ki, elektron kommersiya vasitəsilə Avropadan dəyəri 1 000 avroyadək mal alınaraq Azərbaycana gömrüksüz çatdırıla bilir, Avropada isə bu məbləğ 50 avroyadək limitlənir. Bu isə qeyri-bərabərsizlik deməkdir”.

Portalın rəhbəri əlavə edib ki, qeyd olunan məsələdən başqa texniki baryerlər də mövcuddur. Məsələn, meyvə qurusu, nar şirəsi və digər qida məhsulları e-kommersiya saytları ilə satılanda Avropada qəbul olunmur.

“Diqqət çəkən bir məsələ də ondan ibarətdir ki, Azərbaycana mal göndərilərkən uyğun qaydada ƏDV-nin geri qaytarılması təmin olunmur. Bütün bunlar əsas problemlərdir və Azərbaycan tərəfi Avropadan məhz bu məsələlərin mövcudluğundan gileylənir. Qeyd edim ki, ötən il Azərbaycana Avropanın e-kommersiya saytlarından 3 milyon ədəd bağlama daxil olub. Azərbaycandan isə Avropaya cəmi 1 000 bağama göndərilib. Fərq olduqca böyükdür. Əgər Avropa İttifaqının “EU4Digital” proqramı həqiqətən də vahid bazar, vahid məkan ideologiyasını irəli sürürsə, biz qeyd etdiyim məsələləri birgə müzakirə etməyə hazırıq”, – deyə Z. Qardaşov qeyd edib. (apa)