İstehsalçıları və dünyanın enerji resurslarında olan istehlakını qane edəcək neftin gələn il üçün bir barelinin ortalama qiyməti 50 ABŞ dollarıdır.
Bunu BP şirkətinin Rusiya və postsovet ölkələri üzrə iqtisadiyyat və enerji məsələlərinə dair tədqiqatlara rəhbərlik edən və həmin ölkələrin iqtisadi siyasəti üzrə məsləhətçisi Vladimir Drebentsov “BP-nin Dünya Enerjisinə dair Statistik İcmalı” və “BP-nin Enerji Perspektivlərinə Baxış – 2040” adlı sənədlərin təqdimatı zamanı deyib.
“Bu qiymətlə (bir barel üçün 50 dollar – red.) dünya ona lazım olan neft həcmlərini alacaq. Yəni, bazarda (bu qiymətdən yararlana biləcək – red.) lazımi qədər istehsalçı olacaq”, – deyə V. Drebentsov qeyd edib.
Onun sözlərinə görə, geosiyasi faktorların hələlik “qara qızıl”a olan qiymətlərə təsir etdiyinə baxmayaraq, neft bazarı daha da stabilləşir: “Neft bazarının qısa bir zamanda Səudiyyə Ərəbistanının neft obyektlərinə olan hücumlardan qurtula bilməsi bunun bariz nümunəsidir”.
BP-nin nümayəndəsi onu da bildirib ki, əvvəlki şəraitdə Səudiyyə Ərəbistanında baş vermiş hadisə neft qiymətlərinin kəskin artımına gətirib çıxaracaq. Lakin praktika tam əksini göstərib – kəskin qiymət artımı qeydə alınmadı, həm də bazarda yaranmış problem (sözügedən ölkə tərəfində hasilatın kəskin azaldılması – red.) qızsa zamanda öz həllini tapdı. Bu da məhz bazarda olan böyük həcmdə artıq neft ehtiyatlarının hesabına mümkün olub: “Bazar dəyişib və geosiyasi hadisələrin ona təsiri azalıb. Biz görürük ki, dünya özünü daha ucuz qiymətlərlə neftlə təmin edə bilir”. /APA