XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

06 Fevral 2016 - 15:24

Qərbdən Rusiyaya daha bir zərbə – [color=red]TANAP-a 1 milyard avro kredit ayrıldı

tanap-esas.jpg

Avropa İnvestisiya Bankının (AİB) sədr müavini Pim van Ballekom TANAP layihəsinə bir milyard avro ayırdıqlarını açıqlayıb.

Strateq.az xəbər verir ki, bu xəbəri “Bloomberg” agentliyi yayıb.

Xəbərə görə, AİB-nin bu kreditindən TANAP layihəsinin Türkiyə nümayəndəsi "Botaş" şirkətinin payını maliyyələşdirmək üçün istifadə olunacaq. Dünya Bankının da eyni proyektə maliyyə dəstək verəcəyi gözlənilir.

Van Ballekom AİB-in qərarını şərh edərkən deyib: "2016-cı ilin aprel ayının sonuna qədər bank bu kreditin alınmasını təsdiqləyəcək və ilk hissənin avqust ayında göndərilməsi gözlənilir".

Xatırladaq ki, TANAP layihəsi, Azərbaycanın “Şahdəniz” mədənindən çıxarılan qazın Gürcüstan-Türkiyə sərhəddindən keçərək Avropaya nəqlini nəzərdə tutur. Ötən il Rusiya “Türk axını” layihəsiylə 3-4 dəfə daha böyük həcmdə Avropaya qaz ixracını gündəmə gətirmiş və faktiki olaraq, TANAP-ın əhəmiyyətini azaltmışdı. Hətta bir müddət TANAP-ın, ümumiyyətlə, gündəlikdən çıxarıldığı barədə xəbərlər belə yayılmışdı. AİB-nin bu krediti layihənin yenidən diqqət mərkəzinə gətirildiyindən xəbər verir.

Əlbəttə ki, bu, təsadüfi deyil. Belə ki, ABŞ-ın enerji strateqləri Avropanın rus inhisarına düşə biləcəyi ehtimalına qarşı bu cür böyük layihələrə müsbət baxmır, onun yerinə TANAP kimi kiçik bir neçə boru kəmərinin çəkilməsini məsləhət bilirdilər. Rusiyayla Türkiyə arasında ziddiyyətlərin böyüdüyü və Moskvanın qlobal iqtisadi münasibətlərdə küncə sıxışdırıldığı bir zamanda TANAP-ın çəkilişinə maliyyə ayrılması başadüşüləndir.

TANAP boru xəttiylə ildə 16 milyard kub metr qaz nəql olanacağı proqnozlaşdırılıb. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, geri qalanı isə Avropaya nəql ediləcək. Kəmərdən Türkiyəyə 2018-ci ildə, Avropaya isə 2020 əvvəllərində qaz veriləcək.

TANAP səhmdarları bunlardır: SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 58%, Türkiyənin Botaş şirkəti 30% və İngiltərənin BP şirkəti 12%.

Azərbaycan hakimiyyəti TANAP-ın Türkiyə hissəsinə beynəlxalq banklardan maliyyə dəstəyi ayrılmasını mesaj kimi qəbul etməli və bu istiqamətdə düşünülmüş addımlar atmalıdır. Fikrimizcə, bu maliyyə ayrılmasıyla verilən mesaj beynəlxalq güc mərkəzlərinin Rusiyanın enerji siyasətinə alternativ olaraq, TANAP-ı nəyin bahasına olursa olsun, reallaşdırmağa çalışacaqlarıdır.

Son zamanlar Qərbə qarşı Rusiyameylli siyasəti ilə seçilən Azərbaycan hakimiyyəti öz mövqeyinə yenidən nəzər salmasa, beynəlxalq güc mərkəzlərinin daha ciddi hədəfinə çevrilə bilər.

 

Heydər OĞUZ

Strateq.az