XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

12 Dekabr 2019 - 18:43

“OPEC-in qərarı bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək”- Beynəlxalq Enerji Agentliyi

OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) üzrə neft hasilatının daha da azaldılmasına dair qərar 2020-ci ildə bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək.

Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı üzrə aylıq hesabatında deyilir.

Hesabata görə, qlobal neft bazarı gələn il daha çox təradük bolluğu ilə qarşı-qarşıya qalacaq: “OPEC-in istehsalı azaltmasına baxmayaraq, gələn ilin birinci rübündə qlobal neft ehtiyatları gündəlik 700 min barrel artacaq. Qlobal bazarda tədarük bolluğu ikinci rübdə sutkada 1 milyon barrelə çatacaq. Bu da OPEC ölkələri üçün heç də asan olmayacaq”.

Agentlik qeyri-OPEC ölkələri üzrə neft istehsalının artım proqnozunu gündəlik 200 min barrel azaldıb.

Qeyd edək ki, ötən həftə Vyanada Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-ə üzv 14 ölkə və Rusiyanın rəhbərlik etdiyi 10 qeyri-OPEC neft istehsal edən dövlət gündəlik hasilatın daha 500 min barrel azaldılması barədə qərar qəbul edib. Bu qərar çərçivəsində rəsmi Ər-Riyad neft istehsalını gündəlik 167 min barrel azaltmaqla “OPEC plus” formatında əməkdaşlığa dəstək olacaq. Lakin Səudiyyə Ərəbistanı 2020-ci ildən neft istehsalını könüllü olaraq sutkada daha 400 min barrel azaldacaq. Beləliklə də OPEC və OPEC-ə daxil olmayan ölkələr gələn ilin ilk 3 ayında gündəlik xam neft hasilatını ümumilikdə 2,1 milyon barrel azaldacaq.

Razılaşmaya görə, Rusiyanın istehsal etdiyi kondensat artıq xam neft istehsalı kvotasında hesablanmayacaq. Rusiya yeni qərara əsasən neft hasilatını gündəlik daha 70 min barrel azaldacaq. Beləliklə, Rusiya sutkalıq neft istehsalını ümumilikdə 300 min barrelə qədər azaldacaq.

Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni razılaşmaya qoşulub. Ölkəmiz müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə daha 7 min barrel azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvarından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır. Ölkəmiz indiyədək gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirib.