ABŞ-ın Nümayəndələr Palatası hökumətin “Huawei” və milli təhlükəsizlik üçün təhdid yarada biləcək digər şirkətlərdən məhsullar almasına əngəl olan qanun layihəsini yekdilliklə qəbul edib.
APA-nın “Hürriyyet”ə istinadən verdiyi xəbərə görə, sözügedən qanun layihəsi bu həftə təsdiqlənməsi üçün Senata göndəriləcək.
Qanun layihəsinin Senatda respublikaçılar və demokratlar tərəfindən dəstəklənəcəyi gözlənilir.
Eyni zamanda, qanun layihəsi ABŞ-ın kiçik telekommunikasiya təminatçılarına şübhəli texnologiyalardan istifadəni aradan qaldırmaq üçün 1 milyard dollar dəyərində maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.
Konqresin yaydığı açıqlamada bildirilib ki, “Huawei” kimi şirkətlər ABŞ-ın ticarət və təhlükəsizlik maraqlarına böyük təhlükə yaradır.