“Son 4 tərəfli görüşdə Türkmənistan çox böyük fəallıq göstərdi, tərəf kimi sözgedən ölkə vurğuladı ki, onlar Xəzər və Transxəzər boru xəttinin həyata keçirilməsində, türkmən qazının Avropaya çatdırılmasında çox maraqlıdırlar”.
Bunu energetika naziri Natiq Əliyev deyib. O bildirib ki, ancaq danışıqlar zamanı bəzi detallar açıq qalıb:
“Türkmənistada Avropa İttifaqınnın təşəbbüsü ilə bu yaxınlarda 4 tərəfli görüş təşkil olundu. Bundan öncə həmişə 3 tərəfli (Aİ-Azərbaycan-Türkmənistan) görüşlər keçirilirdi. Sonuncu görüşdə isə Türkiyə danışıqlara çox maraq göstərərək toplantıya qatıldı. Bildiyiniz kimi görüş nazirlər səviyyəsində baş tutdu. Sonuncu 3 tərəfli görüş nəticə verməmişdi və buna görə tərəflər arasında soyuqluq yaranmışdı. Türkmənistan prezidenti ilə də görüşümdə o, bu layihənin gerçəkləşməsinə maraq göstərdiyini söyləyib. Kəmərin kim tərəfindən və hansı vəsaitlə tikilməsi məsələsi isə hələlik aydın deyil. Türkmənistan istəyir 30 mlrd. qazı Avropaya satsınlar, ancaq bu, hələlik söz olaraq qalır”.
Nazir qeyd edib ki, hələlik Transxəzər qaz kəməri yoxdur və bu qazın alıcısı bilinmir: “Amma mən elə başa düşürəm ki, bu layihə tərəflər üçün maraqlıdır və ilk növbədə Aİ üçün əhəmiyyət kəsb edir”.
O, qeyd edib ki, bu iş hələ çox vaxt aparacaq. Buna görə də 4 tərəf olaraq daimi işçi qrupunun yaradılması istiqamətində qərar qəbul edilib. “Azərbaycan tərəfindən bu işçi qrupuna Energetika Nazirliyi, SOCAR, XİN və Ədliyyə Nazirliyinin nümayəndələri daxil ediləcək”(Ans).