“Şahdəniz” yatağı istismara veriləndən 1 yanvar 2020-ci il tarixinədək 77,6 milyard kubmetr qaz ixraca nəql edilib.
Bu barədə Energetika Nazirliyindən Strateq.az-a verilən məlumata görə, 2019-cu il ərzində cəmi xaricə qaz satışı 11,7 milyard kub metr olub ki, bu da 2018-ci ilin ixrac göstəricisindən (9,6 milyard kubmetr) 2,1 milyard kubmetr (22,2%) çoxdur.
Cari il yanvarın 1-nə olan məlumatlara əsasən, “Şahdəniz-2” layihəsi üzrə ilk qazın hasilatı üzrə ümumi işlər 100%, tammiqyaslı işlənmə üzrə görüləcək işlərin 94%-i, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər 100% (2018-ci ilin may ayının 29-da Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilmiş layihəsi istismara verilib), TANAP qaz boru kəmərinin inşası üzrə işlərin 100%-i (2018-ci ilin iyun ayının 12-də Türkiyədə TANAP-ın rəsmi açılış mərasimi keçirilib), TAP qaz boru kəmərinin tikintisi üzrə işlərin isə 90.7 %-i yerinə yetirilib. “Şahdəniz-2” layihəsi çərçivəsində 30 iyun 2018-ci il tarixindən Türkiyəyə kommersiya qaz həcmlərinin nəqli başlanılıb.
“Azərbaycan Respublikasının 2020-2022-ci illər üzrə yanacaq-enerji balansının proqnoz göstəriciləri” layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Aidiyyəti qaydada təsdiq edilmiş balansın icrasına nəzarət nazirlik tərəfindən təmin ediləcək.
Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı 1 yanvar 2020-ci il tarixə ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96,01% təşkil edir.