XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2020 - 12:42

Azərbaycanda neft hasilatı artacaq və stabilləşəcək –"S&P"

S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft hasilatının 733 min barelə düşəcəyini proqnozlaşdırır. Buna baxmayaraq, sonrakı illərdə ölkədə neft hasilatının artması və stabilləşməsi gözlənilir.

Növbəti iki il ərzində (2024-cü ilədək) hasilatın stabilləşməsi və gündəlik 771 min barelə çatacağı gözlənilir.

“Bu il gündəlik neft hasilatı təxminən 3% və ya 733 min barelə qədər azalacağını, lakin proqnoz dövrünün qalan hissəsi təqribən 771 min barel səviyyəsində sabitləşəcəyini gözləyirik”, – agentliyin məlumatında bildirilir.

Məlumata əsasən, stabilləşmə “Şahdəniz-2” və “Abşeron” layihələrinin hesabına təmin ediləcək. Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın azalması məhz bu layihələr hesabına (hasil edilən qaz kondensatının hesabına – red.) kompensasiya ediləcək.

Qeyd edək ki, hazırda AÇG-də neft hasilatının təbii azalması müşahidə edilir. Buna baxmayaraq, “Şahdəniz” qaz-kondensat yatağında qaz və kondensatın hasilatında kəskin artım var (“Şahdəniz-2” layihəsi hesabına). Bundan əlavə, 2021-ci ildə “Abşeron” qaz-kondensat yatağında hasilatın başlanılması gözlənilir.

Xatırladaq ki, Energetika Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda orta gündəlik neft hasilatı təxminən 765 min barel səviyyəsində olub. 2018-ci ilin göstəricisi (792,6 min barel) ilə müqayisədə ötən il Azərbaycan orta gündəlik neft hasilatı 27,6 min barel və ya 3,5% azalıb.

Onu da əlavə etmək lazımdır ki, 2018-ci ilin dekabrın 7-də OPEC+ üzrə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan ötən ilin axırınadək orta gündəlik neft hasilatını 776 min barel səviyyəsində saxlamalı idi.

Bununla yanaşı, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.

Dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.

Bunları nəzərə alaraq, qeyd eləmək lazımdır ki, Azərbaycan sözügedən razılaşma çərçivəsində öz öhdəliklərini artıqlaması ilə yerinə yetirir. (apa)