XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2020 - 00:16

OPEC neft hasilatını daha da azalda bilər- PROQNOZ

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) martdakı iclasda neft istehsalının daha da azaldılması barədə qərar qəbul edə bilər.

Bu proqnozla “Citigroup Inc”in meneceri Ed Morse çıxış edib. O, OPEC və tərəfdaşlarının Çində yayılan koronavirusun bazarda neft tələbatını azaltdığını nəzərə alaraq martdakı iclasında istehsal məhdudiyyətlərini daha da artıra biləcəyini qeyd edib.

Xatırladaq ki, OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. O, beynəlxalq ticarətdəki bəzi mübahisələrin həll olunacağını gözlədiklərini, eləcə də cari ilin birinci və ikinci rübündə sabitliyə diqqəti yönəltməkdə davam edəcəklərini bildirib.

Qeyd edək ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır(azərtac).