XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

08 Mart 2020 - 00:16

İşçinin aylıq əməkhaqqı minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz- Açıqlama

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiyanı” yeni redaksiyada təsdiq edib. Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergiödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəis müavini Elşən Rəhimli sənədlə bağlı maraq doğuran bəzi məqamları şərh edib. Onun sözlərinə görə, əmək münasibətlərinin leqallaşdırılmasını təmin etmək ölkə rəhbərliyi tərəfindən vergi orqanları qarşısında qoyulmuş prioritet vəzifələrdəndir.

“Aparılan müzakirələr zamanı müəyyən olunan vergidən yayınmanın yeni sxemləri və metodiki yanaşma prinsipləri nəzərə alınaraq Dövlət Vergi Xidməti tərəfindən konsepsiya yenidən hazırlanıb. Vergi orqanlarının əməkdaşları üçün daha aydın olması məqsədilə konsepsiyaya bütün metodiki hərəkətləri özündə əks etdirən proseslər xəritəsi də əlavə olunub və sənəd 2020-ci il yanvarın 24-də yeni redaksiyada təsdiq edilib”, – deyə E.Rəhimli qeyd edib.

O bildirib ki, konsepsiya ilə əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, işçilərə qanunsuz olaraq minimum əməkhaqqından aşağı əməkhaqqı bəyan edilməsi, vergiödəyiciləri tərəfindən işçilərə uçotdankənar əməkhaqlarının verilməsi, bir sıra vergiödəyiciləri tərəfindən işçi sayının və əməkhaqqı fondunun real potensiala uyğun əks etdirilməməsi hallarına qarşı mübarizə metodları nəzərdə tutulub. Belə ki, aylıq iş vaxtı normasını, əmək funksiyasını yerinə yetirən işçinin aylıq əməkhaqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz.