XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 16:55

Nazir müavini yerli iqtisadiyyatınəsas hədəflərini açıqladı

Vergiler

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi yeni dönəmdə, yerli istehsalın artırılması və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması əsas hədəflərdir.

Strateq.az azertag.az-a istinadən xəbər verir ki, bu fikirləri vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda və ölkənin digər bölgələrində istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüşündə deyib.

Nazir müavini ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafı, bu sahədə mövcud olan problemlərin həlli yolları ilə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Son aylar bu sahədə həyata keçirilən tədbirlərə toxunan nazir müavini prezident İlham Əliyevin müvafiq fərmanı ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırıldığını, sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının 59-dan 37-yə qədər azaldıldığını, onların verilməsi prosedurlarının sadələşdirildiyini, ixracyönümlü istehsalın stimullaşdırılması və ixrac fəaliyyətinin təşviq edilməsi ilə bağlı konkret tədbirlər görüldüyünü qeyd edib.

Bildirilib ki, ölkədə yaradılmış çoxsaylı müəssisə, texnoparklar və müxtəlif istehsal və sənaye obyektlərinə dövlət tərəfindən böyük məbləğdə investisiyalar qoyulub, fərdi sahibkarlara kiçik müəssisələrin yaradılması üçün güzəştli kreditlər verilib. İstehsal müəssisələrinin öz fəaliyyətini yeni iqtisadi çağırışlara uyğun və şəffaf şəkildə qurmalı olduqlarını söyləyən S.Ələkbərov bu istiqamətdə görüləcək işlər içərisində uçotun düzgün aparılmasını hazırda qarşıda duran ən mühüm məsələlərdən biri olduğunu bildirib.

O, bir gün əvvəl ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə keçirilmiş görüşdə onların bəzi hallarda yerli istehsalçılardan pərakəndə ticarət şəbəkəsində satışa çıxarmaq üçün mal əldə edərkən müvafiq sənəd ala bilmədiklərini söylədiklərini diqqətə çatdıraraq, belə halların yolverilməz olduğunu və bu cür faktlar aşkarlanarsa, vergi orqanları tərəfindən qanuna müvafiq tədbirlər görüləcəyini nəzərə çatdırıb.

Nazir müavini vergi ödəyicilərini dövriyyələrini düzgün göstərməyi və sənədləşdirmə işlərini qaydasına salmağı tövsiyə edərək bildirib ki, bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri lazımi köməklik almaq üçün Vergilər Nazirliyinə, Bakı Vergilər Departamentinə, ərazi vergilər idarələri və departamentlərinə, eləcə də müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Sonra S.Ələkbərov və Vergilər Nazirliyinin görüşdə iştirak edən digər rəhbər vəzifəli şəxsləri görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.