XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

08 Aprel 2020 - 16:45

Neft bazarında nələr gözlənilir? –OPEC+ inkişaf ssenarilərini açıqlayıb

OPEC katibliyi OPEC+ ölkələrinə neft hasilatının gündə 10 milyon barel azaldılması halında qarşıdakı aylar üçün neft bazarının inkişaf ssenarisini təqdim edib.

Bu barədə “Energy Intelligence” agentliyi məlumat yayıb.

OPEC ənənəvi olaraq nazirlərin görüşündən əvvəl bazarın inkişaf icmallarını təqdim edir. Ən son belə hesabat iki ssenarini özündə cəmləşdirdi. Bunlardan birincisi neft hasilatında heç bir məhdudiyyətin olmaması və Səudiyyə Ərəbistanının hasilatı əvvəlki gündəlik 9,7 milyon bareldən 12 milyon bareldən çox səviyyəyə çatdırması halına hesablanır. İkinci ssenaridə isə Rusiya da daxil olmaqla, bütün OPEC+ ölkələri ilin sonuna qədər hasilatı bütövlükdə gündə 10 milyon barel azaldır.

Ancaq bu ssenarilər danışıqlar ərəfəsində Rusiya ilə Səudiyyə Ərəbistanı arasında konsensus əldə olunduğunu ifadə etmir. OPEC+ daxilində kvotaların bölüşdürülməsi ilə bağlı yekun təkliflər yoxdur. Bunu TASS-ın da mənbələri təsdiqləyir. Üstəlik, tərəfdaşlar yalnız azalmanın fərdi həcmlərini deyil, həm də azaldılmalı olan səviyyəni müəyyənləşdirəcəklər.

OPEC-in hesablamalarına görə, aprelin 9-da keçiriləcək iclasda ölkələr razılığa gələ bilməzlərsə, ikinci rübdə qlobal neft təklifi gündəlik tələbatı 14,7 milyon barel üstələyəcək. Bu isə artıq ikinci rübün sonuna qədər saxlanc yerlərinin tam dolmasına səbəb olacaq.

OPEC-in proqnozuna görə, 2020-ci ildə qlobal neft istehlakı gündəlik 6,8 milyon barel, ikinci rübdə isə gündəlik 11,9 milyon barel azalacaq. Bu proqnozlar təklifin tələbatı gündəlik 20 milyon və ya hətta 30 milyon barel üstələdiyi fikrini irəli sürən digər analitiklərin qiymətləndirmələrindən daha optimist görünür/Report.