XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Aprel 2020 - 16:53

Elşən Nəsibov yazır:"İqtisadiyyat - taraz sistem kimi; böhran dövründə onu necə saxlamalı?"

Elşən NƏSİBOV, 

siyasətşünas-alim

 

Cəmiyyət təsərrüfat üzərində qurulan, mədəni, siyasi, iqtisadi fonda qurulan bir fenomendir. İqtisadiyyat mədəniyyətdir. Mədəniyyəti təmin edən, şəxsiyyəti və bu baxımdan da fərdin maddi və mənəvi aləmini tamamlayan, bütövləşdirən komponentlər cəmidir, sistemidir. İnsanlar iqtisadiyyatda yaratdıqları sistemlərlə öz ictimai varlıqlarını təmin edirlər, özlərini maddi-mənəvi varlıqlar kimi sübuta yetirirlər.

İqtisadi sistemlər, bütövün, tamın tərkibini təşkil edən alt və üst, tam və natamam, yəni tərkib strukturlar və sistemlər cəmiyyətin maddi maraqlar və tələbatlar sistemini özü ilə daşıyır. İqtisadiyyat insanların sosial-məişət təminatına yönləndirilir. Onu tamamlamaq naminə təşkil olunur.

Dövlət də iqtisadiyyat sistemini tənzimləyir, tarazlaşdırır, proseslərə yön verir, stimullaşdırır, tələb və təklifi müəyyən edir, iqtisadi sistemin proteksionizmini həyata keçirir. Həmçinin istehsal və istehlak arasında tarazlığı yaradır. İstehsalın dövriyyəsini təmin edir. Böhranların qarşısını alır. Pozulmuş tarazlığı təmin edir. İnsanların maddi aləmə olan əlaqə və təmas nisbətini müəyyən edir.  İqtisadi böhranlar anında sistemdəki elementlərin rəvan dövriyyəsini təmin etmək funksiyasını həyata keçirir, pozucu ünsürlərin aradan qaldırılması siyasətini həyata keçirir. Makro iqtisadiyyat dövlət siyasətinin prioritetlərini əsaslandırır. Bu baxımdan da makro miqyaslı və qlobal əhəmiyyətli böhranlar (istər milli və daxili, istərsə də dünya üzrə olsun. Məsələn, ABŞ-da və Çində yaşanan böhranlar miqyasına görə milli və qlobaldır. Çünki iqtisadiyyatın çəkisi ağırdır. Müqayisədə digər dövlətlərdəkilərdən üstündür, çoxdur) dövlətlər tərəfindən idarə olunurlar.

Dövlətlər zəruri və məcburi addımlarla iqtisadi böhranları cilovlamağa və iqtiusadi sistem qorumağa, itkilərin qarşısını almağa çalışırlar. Dövlətlər tarazlığı təmin edən əsas güc mərkəzləri və potensial aktorlar rolunda çıxış edirlər. Dövlətlər əllərində olan maliyyə vəsaitləri ilə iqtisadiyyatın bütün sahələrinin qarşılıqlı təminatında olan şərtləndirici vasitələri işə salmağa cəhd edirlər. İqtisadi böhranlar adətən iqtisadi sistemdə vasitələrin çatışmazlığı və iqtisadi sistemdə dövriyyənin məkan  və zaman uyğunsuzluğu ilə xassələnir.

İqtisadi böhranlar o halda baş verir ki, iqtisadi dövriyyədə (bütün xətlərdə) elementlər arasında əlaqələr, koordinasiya prosesləri ləngiyir. Bu halda tələb və təklif arasında balans pozulur. Qəribə də olsa, belə bir fikir səsləndirmək olar ki, iqtisadi sistemin ümumi inkişafında olan tarazlı dövriyyəni saxlamaq naminə tələb və təklif arasında nisbi bərabərliklə passivliyi təmin etmək lazım gəlir. Yəni, istehsalı azaltmaqla tələbi də aşağı salmaq zərurəti yaranır. Bu halda bazarda da aktivlik, çəki aşağı düşür. Aktivlərin sayı, tərkibi və dövriyyəsi azalır. İqtisadi böhranlardan çıxış yolları  məhz iqtisadi dövriyyələr, iqtisadi dairələr arasında uyğunlaşdırıcı əsaslarla dövriyyəni aşağı salmaqdan ibarət olur. Bu halda planlama iqtisadiyyatı daha çox tətbiq olunur. İstehsal və istehlak arasında sərt formalı, həmçinin liberal əsaslı idarəedici funksiya işə düşür.  Cədvəlin xətləri arasında kəskin fluktuasiya (qalxıb enmələr) baş vermir. Dövlət digər tərəfdən də iqtisadi tempi və dövriyyədə olan elementləri qoruyur. Bu baxımdan da əlavə əvəzləyici (məsələn, pul vəsaiti), itehsalı və istehlakı artıran əvəzləyici elementləri dövriyyəyə daxil edir.

Məlumdur ki, təbii və süni maneələrdən iqtisadi sistemlər vaxtaşırı maneələrlə rastlaşırlar, rəvan hadisələrin gedişatına maneedici ünsürlərlə xarakterizə olunurlar.  Böhranlı prosesləri  sistemin ümumi dövriyyəsində, eləcə də  baza strukturlarında və üst strukturlarda çatışmazlıq yaradan elementlərin qeyri-taraz hərkətləri təşkil edir.  Dövriyyədən çıxarılan və sistemin sahələrində meydana gələn boşluqlar özlüyündə qeyri-tamamlama funksiyasını yerinə yetirir. Sistemə yad olan elementlər də sistemin rəvan dövriyyəsinə mane olan saxlayıcı, yavaşıdıcı təsirlər göstərir. İqtisadi sistemin hərəkət xətlərində dövr edən elementlərin saxlanılması, sürətin yavaşıdılması lazımi təminatın qarşısını alır. Lazımi təminat olmadıqda strukturlar dağıla bilir. Natamam, zəif funksiya kəsb edir.  İqtisadi sistemlər şəbəkəli əsaslarla müxtəlif ölçülü xətlərlə, qalın və nazik xətlərlə formalaşdırılır. Sistemin bütövlüyü məhz bu xətləri təşkil edən, xətlərlə hərəkət edən vasitələrlə rəngarəng xarakter alır. Mərkəzləri birləşdirən xətlər, trayektoriya şəbəkələri (infrastruktur vasitələri), xidmət sahələri iqtisadiyyatın sistemlilik və şəbəkəlilik  əsaslarını özündə ehtiva edir.  İqtisadi böhranlar məhz koordinasiya xətlərinin çatışmazlığından da (məsələn, əlaqələrin və bazarların zəif olması, yükdaşıma infrastrukturunun çatışmazlığı)  yarana bilir. Bu baxımdan da qəbul etmək lazımdır ki, iqtisadiyyatda istehsal olunan vasitələr uyğun və vərdiş olunmuş zamanında məkandakı istehlak vasitələrinə  çatdırılmalıdır.

Təsərrüfatın təşkili, təsərrüfatlarda əlaqəlilik və qarşılıqlı tətbiq məsələləri məhz insan istəyinin və arzusunun əsasıdır. Bu baxımdan da iqtisadi sistem təbii əsaslıdır, zəruridir. İnsan xarakterinə tam cavab verən formada və məzmundadır. Bu yöndə iqtisadiyyat sosial həyata xidmət edən və sosial həyatın yaxşılaşmasını hədəf və məqsəd kimi qarşısına qoyan əsas sistemdir. Maddi aləmin dövriyyəsini özündə cəmləşdirən bütövdür. İqtisadiyyat rasional sistem olaraq insanların rasional, əqli, elmi düşüncələrinin əsası olaraq təzahür olunan maddi sistemdir. Bu baxımdan da insanlar iqtisadiyyatın gərginləşməsi zamanı onda olan psixoz vəziyyəti aradan qaldırmaq iqtidarında olurlar. O halda bərpa rəvan gedir ki, iqtisadi sistemin bütün həyatı, bütün müstəvisi, yəni tərkibi sağlam düşüncə ilə yenidən qurulur. İqtisadi dövriyyədə onu əhatə edən məkan elementləri nisbi sürətə hərəkət vəziyyətində saxlanılır.

İnsan maddi amillərə, fiziki aləmə tabe olaraq, ondan istifadə edən etik, estetik təbii ünsürdür. İnsanlar təbiətdən, onun nemətlərindən asılıdırlar. İnsanlar təbiətə bağlı olan ruhları ilə özlərini maddi şəxsə, şəxsiyyətli fərdə çevirirlər. Bu, o deməkdir ki, iqtisadi əxlaq yolu ilə estetik duyumlu vasitələr əldə edirlər. Bununla da sistemli olaraq iqtisadiyyat təşkil olunur. İqtisadi vasitələr insanların sosial element kimi  əhatə olunmasını özündə əks etdirən kompleksiya  rolunu oynayır. İnsanların sosial həyatı məhz maddi vasitələrlə dolur. Dolum sayəsində insan özünü doymuş, sabit ünsür kimi görür, hiss edir. Şəxsiyyəti tamamlanır. İqtisadi vasitələrin insanın sosial-məişət və ictimai həyatına yönləndirilməsi özlüyündə müəyyən mənada fərdin şəxsiyyətə, ictimai, sosial, hüquqi ünsürə və subyektə çevrilməsini təmin edir.  İnsan davamlı şəkildə özünün mənəvi aləmini təmin edir. İnsan özünü maddi aləmlə rasional şəkildə təmin edirsə, bu, özü bir ictimai mədəniyyətdir. Dövlət üçün isə bu proses siyasi mədəniyyətdir.

Məlumdur ki, proseslər zamanı iqtisadi mədəniyyət formalaşır.  Böhranlar zamanı dövlət özünün iqtisadi sahədə siyasi mədəniyyətini daha da qabarıq şəkldə nümayiş etdirir. İnsan potensialından səmərləri istifadə edir. Strategiya və taktikalar müəyyənləşdirir. İqtisadi mədəniyyət özündə iqtisadiyyatın sağlam quruculuğunu ehtiva edir. Rasional istifadə də özlüyündə iradi, şüurlu və rasional əsaslı yanaşmanı əks etdirir. Məsələn, davamlı istehsal proseslərini təşkil etmək, onu etik və estetik formada bazara çıxarmaq, vasitələrdən düzgün və rasional qaydada istifadə etmək, istehsalı zaman və məkan kriteriyası ilə ardıcıl həyata keçirmək özü bir mədəniyyətdir, quruculuq prosesidir, təşkilati işdir.  Estetik və etik məzmunlu hadisələr, aktlar cəmidir. İqtisadi vasitələrin ölçülərə, meyralara, etalona tabe etdirilməsi məhz etik əsasları özündə əks etdirmiş olur.  Dövlətin iqtisadi etikası onun iqtisadiyyatı lazımi hüquq normaları ilə tənzim və təmin etməkdən ibarətdir. Bu hüquq normaları ilə dövlət müdafiə və təminat funksiyası həyata keçirir. Bu, onun təbii hüquqdur, hüquqdan irəli gələn vəzifə və funksiyasıdır.

İqtisadiyyat öz fərqli tərkibindən tarazlaşır. Daxilində elementlər arasında tabeli-əlaqəli və üzvi vəhdət yaranır. Elementlər səbəb və nəticə, eləcə də zaman və məkan kriteriyaları ilə bir-birilərini tarazlayırlar. Məkanda bir-birilərinə yer verirlər. Ayrı-ayrı əlaqəli məkanlar yaradırlar.  Burada tamamlama prosesləri məhz tarazlaşdırmanı özündə ehtiva edir. Tarazlaşdırmada eyni və  oxşar xətlər, strukturlar, təyinatı oxşar və eyni olan qruplaşamlar, əlaqəli komponentlər iştirak edir. Tarazlaşdırma bir funksiya olaraq  müəyyən koordinatlarda yaxınlaşdırma, əlaqələndirmə proseslərinin özü kimi xassələnməlidir. Bu da özlüyündə bütövlüyə və fərqli element yığınına cavab verən vahidə çevrilir. Bu vahidlik də tərkibi rəngarəng olan gücü və potensialı yaradır. İqtisadiyyatın tarazlaşdırılması bu baxımdan gücün artırılması və inkişafın təmin edilməsi mənasını  verir. İqtisadi vasitələrin tarazlaşdırılması bir tərəfdən eyni məhsulların eyni təyinatlar üzrə məkanlar və strukturlar üzrə mütləq və dəyişən kəmiyyətlərlə çatdırılmasından, təminatından ibarət olan prosesdirsə, digər tərəfdən mikro iqtisadi mühitlə orta və makro iqtisadi mühit arasında uyğunluqla tamamlama prosesidir.  Makro mühitin orta və mikro iqtisadi mühitlə əlaqələndirlməsi sayəsində iqtisadi bütövlük yaranır. Bu bütövlük sayəsində ümumi sosial-məişət mühiti təmin olunur.  İqtisadiyyat məişət mühitindən ictimai-siyasi müstəviyə keçid edir. Özündə siyasəti də ehtiva edir, əks etdirir.

İnsanlar maddi-fiziki amilləri, vasitələri, şeyləri, cisimlər öz iradələrinə, öz istək və maraqlarına uyğun şəkildə, təyinatı üzrə formalara salırlar. Xammaldan yarımxammal, fabrikatlar, yarımfabrikatlar, yarımçıq və tamamlanmış məhsullar  əldə edirlər. İstehsal məhsulları yeni istehsal məhsullarının əldə olunmasında, həmçinin infrastruktur və xidmət sahələrinin fəaliyyətində istifadə olunur.  Təbii xammalın əldə olunması məqsədilə müxtəlif texniki vasitələrdən istifadə edirlər. İstehsal prosesləri təşkil olunur və bu proseslər sayəsində əldə olunan və mövcud təbii vasitələrə təsirlər edilir. Ardıcıl və sahəvi tətbiq sayəsində məhsullar əldə olunur. Məhsullardan yenidən formalaşdırma sayəsində  sahələr üzrə yeni-yeni məhsular əldə edirlər. Bu baxımdan da iqtisadi sistem və onun dövriyyəsi, tərkib elementlərin qarşılıqlı təsirləri meydana gəlir. İqtisadi proseslərin dövriyyəsi ardıcıl qaydada və əlaqəli şəkildə iqtisadiyyat sisteminin davamlı olmasını təmin edir. İqtisadi sistem öz tərkibi hesabına üfiqi və şaquli müstəvi üzrə, trayektorik xətlərlə böyüyür. Bu böyüməni vasitələrin sahələr üzrə yayılması və sistemdaxili çoxalması təmin edir. Sistem öz tərkibindən xətlər üzrə genişlənir. Vasitələrin çoxalması bir tərəfdən dövriyyədə olan elementlər kütləsini çoxaldır, digər tərəfdən tarazlı təminatı həyata keçirir. Çatışmazlığı aradan qaldırır.  Tarazlı təminat sayəsində yaylı, genişlənmiş, davamlı və güvənli  iqtisadiyyat meydana gəlir. İqtisadi sistem, yəni iqtisadi bütövlük öz tərkibi ilə özünü təmin edir. Tərkib elementlərin hərəkətinin meydana gətirdiyi enerji iqtisadi sistemin özünü təmin edir. İqtisadiyyatda iştirak edən, iştirak etmiş və iştirak etməyən (imtiyazlı təbqələr) təmin olunmuş olur. İqtisadiyyat bu yöndə ümumi tarazlığa xidmət göstərən təsərrüfat rolunu oynayır.

İqtisadi sistem hərkətləri şərtləndirir, maraq sferalarını böyüdür, sayını artırır və vasitələrin təyinat və istifadə sahələrini çoxaldır. Bunun sayəsində iqtisadi sistemin fizikası maddi sistemə transfer edir, onu özündə daşıyır, həmçinin maraq sahələrini böyütməklə ictimai əhatəni genişləndirir. İqtisadiyyat  sahələri tələb və təklif sayəsində daxildən üfiqi və şaquli əsaslarla əlaqəli olaraq genişlənir. Bu, daxili törəmədən və kənar daxilolmalardan baş verir.

Məlumdur ki, iqtisadiyyat (təsərrüfat) özündə tərkib elementləri ehtiva edir. Bu tərkib elementlər müxtəlif formalı vasitələrdən, ünsürlərdən, seqmentlərdən təşkil olunur. Bu tərkib elementlərin məcmusu kompleks təminatı həyata keçirir. Vasitələr istifadədə olarkən və istehsal olunarkən, yəni əmək sayəsində forma dəyişikliyinə və məzmun dəyişməsinə məruz qalarkən, istehlakıçıya çatdırılarkən kompleks tamamlama (müəyyən mərhələlərdə) prosesləri yaşanır.  Bu proseslər müxtəlif mərhələləri əhatə edir, strukturlaşır, yəni sahələrdə cəmləşir, qruplaşır, təmərküzləşir  və tərkib hissələrə, mikro tərkiblərə ayrılır. İqtisadi sistemdə proseslərin sadə və cəmləşmiş mürəkkəb prosesləri yaşanır. Makro struktur mikro tərkiblərdən təmin olunur. Makro struktur ictimai transformasiya yaradır və siyasətə təsir edir. İqtisadiyyatın cəmləşmiş ümumməzmunu siyasi proseslərin yönləndirilməsini özündə ehtiva edir. İqtisadiyyat alt hissəni, bazanı təşkil edir.

İqtisadiyyatda, xüsusilə makro səviyyədə aparıcı məhsullar və aparıcı sahələr təmərküzləşir, formalaşır. Bu kimi məhsullar bazisi təşki edir və baza və aparıcı dövriyyənin əsaslarını özündə ehtiva edir. İqtisadiyyat lokmotiv rolunu oynayır. Onu şütüyən avtomobil təkərinə bənzətmək olar. Siyasət, cəmiyyət, məişət həyatı sanki iqtisadi təkərlər üzərində yeriyən kuzovu, kabinəni xatırladır. İqtisadi böhranlar isə təkərlərə mane olan daş-qalaq, çınqıl rolunda çıxış edir. Həmçinin təkərlərin özünün qüsurlu olması sayəsində kuzov getmədiyi kimi iqtisadiyyatsız dövlət siyasəti də tətbiq oluna bilməz.

İqtisadiyyat alt bazaya və üst hissəyə bölünür. Alt baza istehsalı, üst baza isə bazarı, realizə məkanlarını, o cümlədən xidmət sahələrini özündə ehtiva edir. Alt bazanın yaratdığı, meydana gətirdiyi məhsullar üst bazada realizə olunur. İstehlakçıya çatdırılır. Bazar hər iki sahəni özündə tarazlaşdırır. Yəni, tamamladır. Baza üst sahəyə, üst sahə də bazaya xidmət edir. Hər iki sahə bir-birinin önündə tələb qoyur. Hər iki sahəni pul vəsaitləri hərəkətə gəririr. Qarşılıqlı əvəzləmə və nisbət yaradır. Pul vasitə olaraq iki sahə arasında ortaq bağlılıq yaradır. Pul dəyər və qiymətləndirmə vasitəsi olaraq tarazlaşdırma funksiyasını yerinə yetirir. Pul əməyin dərəcəsini, istehsal məhsullarının maya və satış dəyərini zaman, məkan, xammal və xidmət, eləcə də zəhmət (sərf olunan əmək)  amilləri ilə müəyyən edir. İqtisadiyyatın sahələri ümumi fondlarda, yığım vasitələrində, yığım mənbələrində, büdcələrində koordinasiya olunur. Banklar, maliyyə fondları (qızıl və  digər əmanət vasitələri, qiymətli kağızlar) iqtisadiyyatın hərəkətini təmin edən mənbələr rolunda çxış edir. Bütün iqtisadi proseslər mənbələr, fondlar tərəfindən dəstəklənir. Bu yöndə iqtisadiyyatın aktiv və passiv dövriyyə mənbələri meydana gəlir.  İqtisadiyyatın saxlanc və dəstək vasitələri və mənbələri formalaşır. İqtisadiyatın taktiki və strateji əsasları və vasitələri formalaşmış olur.

Fondlar özündə iqtisadiyyatın hərəkəti üçün əvəzləyici, ödəyici elementləri daşıyır. İqtisadi dövriyyənin taktiki əsaslarını özündə daşıyan gündəlik pul kütləsi mövcud olıur. Eləcə də ehtiyyat pul kütləsini özündə cəmləşdirən saxlanc fondlar formalaşır. Lazımi anlarda saxlanc fondlar aktiv büdcəyə, aktiv hərəkət dövriyyəsində olan pul kütləsinə dəstək olur. Bu yöndə iqtisadiyyat material ehtiyatların yığımı, saxlanması və material ehtiyatları əvəzləyən pul vasitələrinin cari və strateji yığımı ilə xassələnən sistem rolunu oynayır.

Qiymətli metalları, valyuta ehtiyatlarını özündə əks etdirən strateji fondlar və büdcələr hesabına iqtisadiyyatın strateji və taktiki sahələri formalaşır. Bu fondlar sərmayə, baza vəsait rolunu oynayır. Bu baxımdan da iqtisadiyyatın baza əsasını ağır sənaye sahələri və onu hərəkətə gətirən, şərtləndirən sahələrə, eyni zamanda infrastruktur sahələr inə bölünür. İqtisadiyyatın maliyyə vasitələri və əlaqələndirici infrastruktur sahələri fiziki və maddi əsaslarla iqtisadiyyatı bir-birinə bağlayır.

İqtisadi böhranlar əsasən üç-dörd  baza  halda baş verə bilir. İqtisadi sistemdə ressesiya və durğunluq yaşanır:

-iqtisadi sistemin müstəvisi azaldıqda – yəni, məkanlar azaldıqda. Dövriyyədən elementlər azaldıqda. Əhatə dairəsi məhdudlaşdıqda;

-sistemdə əvəzləyici (qiymətləndirici, dəyərləndirici) elementlər-pul vəsaiti, qiymətli metallar çatışmadıqda;

-siyasi məqsədlər naminə qəsdən sistemin yavaşıdlması hallarında;

-qlobal miqyaslı və regional formalı siyasi böhranlar zamanı;

-süni iflyasiyalar və devolvasiyalar zamanı;

-süni və təbii məhsul qıtlığı zamanı-anbar iqtisadiyyatının radikallaşması zamanı;

-təbii böhranlar, fövqəladə hallar zamanı;

-strateji, avanqard məhsulların qıtlığı zamanı və s.

İqtisadi tarazlıq passiv və aktiv vəziyyətdə olan hərəkət mühitinin dalğalı xassəli elementlərinin əks olunduğu təzahürdür. İqtisadi tarazlıq dalğalı, rəngarəng çalarlı  bir müstəvidir.  Bu müstəvidə mərkəzi və ətraf elementlər sintez olunmuş əsasda təzahür olunur. Tarazlı iqtisadi mühit müstəvini dolğunlaşdırır. Çatışmazlıqlar sayəsində böhran meydana gəlir. Böhran məkanın passivləşməsi və itməsi sayəsində formalaşır. Burada elementlərin kəmiyyəti, ölçüsü, miqdarı dəyişir, eləcə də hərəkət dövriyyəsində yoxa çıxır.

Hər bir sistem kimi iqtisadi sistem də canlılıqla xarakterizə olunur. Canlılıq şərtləndirci funksiya kəsb edir. Sistemin tərkib elementlərinin məkanda dəyişmə, dövretmə əsasları məhz canlılığı meydana gətirir. Canlılıq məkanda ardıcıl təzahür olunma ilə xassələnən hadisədir.  Canlılıq sayəsində sistemin əhatə obyekti müvafiq elementlərlə təmin olunur. İqtisadi sistemin subyektləri və obyektləri sistemin vasitələri ilə təmin edilir. Bu təminetmə sayəsində paylayıcılıq, tarazlı bölgü meydana gəlir.  Sistemin obyekti ardıcıl qaydada elementlərin dövriyyəsi sayəsində təmin olunur. İqtisadi sistemin obyekti ilə subyekti arasında uyğunluq meydana gəlir.  İqtisadi subyekt obyektə vasitə ilə təsir edir. Vasitə ilə onun əks tərəfini formalaşdırır. Bunun sayəsində üzvi bağlılıq yaranır. Üzvi bağlılıq sayəsində sistemi hərəkətə gətirən vasitələr, bu baxımdan əvəzləyici vasitə olan qiymətli metallar və pul, digər əvəzləyici maddələr (istehsal məhsullarının özləri də bir-birini dəyərlə, qiymətlə  əvəzləyir) sistemin elementlərini hərəkətlərlə paylayır. Pul əvəzləyici vasitə kimi istehsal sayəsində əldə olunan vasitələrin nominal dəyərini müəyyən edir və vasitələrin bazarda əldə edilməsini şərtləndirir. Belə qəbul edək ki, bazarda mövcud olan məhsullarla (burada kapital-daşınmaz obyektlər  də daxil) bazarda dövr edən və əhalidə cəmləşən pul kütləsi arasında dəyər və  qiymət uyğunluğu mövcuddur. Mal dövriyyəsi əsasən qazanclar və məsrəflərin arasında olan tənasüblüyü özündə ehtiva edir.

İqtisadi proseslərdə əsas tarazlıq istehsalla qeyri-istehsal sahələri arasında daimi  (müəyyən müddətlə həm də dəyişən) mövcud olan sinxronluqdan yaranır.  Bu iki baza  sahə arasında çoxlu sayda köməkçi, bağlayıcı, hərəkətəgətirici vasitələr mövcuddur. Sinxronluq elementlər üzərində formalaşır. Elementlər daşıyıcı funksiyanı yerinə yetirir.  Banklar, fondlar, büdcələr belə vasitələr, mənbələr  sırasına daxil ola bilir.

İqtisadiyyatda əsas amil həm də vergidir. Sistemdə əvəzləyici ünsürün yığımı vergi ilə də müəyyən olunur.  Rüsum tətbiqi ilə dəyər meydana gəlir.  Vergi qazancların mövcud olduğu bütün sahələrə tətbiq olunur.  Büdcələr, banklar və fondlar iqtisadiyyatın idarə olunmasında aktiv rola malik olurlar.  Tarazlıq qazanclar və məsrəflər, sərmayələr və qazanclar arasında da formalaşır. Tarazlıqlarda əsas sahələri bir-birinə bağlayan köməkçi sahələr mövcud olur ki, bu da iqtisadiyyatda qazanclar və məsrəflər müstəvisini təşkil edir. Ümumiyyətlə, insanlar ağıllı, iti  şüuru, davamlı və düşünən funksiyalı zəkanı, idrakı  ona görə maddi aləmə tətbiq edirlər ki, gündəlik tələbatlarını ödəsinlər və sosial rifahı təmin etsinlər.  İstehsal prosesləri və əldə olunan vasitələr insanların sosial varlığa çevrilmələrini şərtləndirir.

Kapital qoyuluşu ilkin istehsaldan tutumuş, təkrar istehsala və xidmət, sosial sahələrə yönləndirilir. Elm, təhsil, səhiyyə, idman, musiqi, əyləncə və digər sahələrə yönələn sərmayələr obyektlərin əldə edilməsini, kapital mərkəzlərinin formalaşmasını təmin edir. Xidmət-sosial sahələrdə, yəni üst sahələrdə qoyulan sərmayə özü də sənaye vasitələrinin, maddi istehsal vasitələrinin dövriyyəsini və istehsalını əks etdirir. Ümumiyyətlə, xərclər əsaslı (möhkəm təməlli, obyekt xassəli) iqtisadiyyat sahələrində yönləndirilir və cari tələbatın ödənilməsinə söykənir. Cari tələbat içərisində sosial layihələr,  turizm, istirahət və elm və təhsil platformaları və digər platformalar ümdə yer tutur. Gündəlik tələbat malları iqtisadi sistemin üst hissəsi ilə yanaşı, alt hissəsini də aktiv vəziyyətdə saxlayır. Gündəlik tələbat məhsulları, həmçinin yaşayış tələbatlarının təmin edilməsi (burada mənzil və obyekt tikintilərinə olan tələbatın artması ilə tikinti vasitələrinə olan tələbatın çoxalması)  alt iqtisadiyyat sahələrinin aktivliyini təmin edir, həmin sahələrin böyüdülməsini şərtləndirir. Bununla da cari, üst iqtisadiyyat alt baza iqtisadiyyata, onun hərəkətinə  rəvac verir. Baza iqtisadiyyat şaxələnmə ilə öz təbəqəsi üzrə genişlənir. Eləcə də üst sahələrin çoxalması ilə özünü böyüdür. Məsələn, xidmət, elm və səhiyyə sahələrində yeni texnoloji tələblər cihazqayırmada, aparat qayırmada, informasiya texnologiya vasitələrinin artmasını şərtləndirir.  Əhali artımına, yaşayış məskənlərinin çoxalmasına müvafiq olaraq tarazlaşdırma prosesləri də bir-birini tamamlayır. Tələbata təkliflə, təklifə də tələbatla cavab verilir.  İnsanların yeni baxışları və rahat, lüks həyat yaşamaq istəkləri özlüyündə yeni texnoloji vasitələrin tətbiqini şərtləndirir. Yeni ideyaları, yeni dizaynı, bu baxımdan da estetikanı zəruri edir. Bu tələblərdən irəli gələrək yeni forma və məzmun vasitələri meydana gəlir.

İqtisadi tarazlığın özünün strukturda  qalın və nazik xətləri mövcud olur. Bu xətlər tarazlıq şəbəkəsini meydana gətirir. Şəbəkədə cərəyan edən ardıcıl proseslər bir çox  sayda nazik xəttin qalınlaşmasına səbəb verir. Ümumiyyətlə, adi yollar vasitələrin artımı və hərəkət axınlarının genişlənməsi sayəsində magistral  xətlərə, adi qovşaqlar magistral qovşaqlara keçir.  Yeni köməkçi yolların artması təmin olunur. Beləliklə, zaman və məkanda şəbəkələşmə prosesləri, strukturlaşma prosesləri qarşılıqlı olaraq bir-birini tamamlayır.

Məlumdur ki, iqisadiyyat istehsala və istehlaka söykənir. İstehlak həm əhali arasında gündəlik tələbat mallarına olan ehtiyacın ödənilməsi ilə şərtlənir. Həm də təkrar istehsala yönəlir. İstehsal prosesləri qatlı, təbəqəli əsaslı olur. İstehsal vasitələrinin tərkib elementləri yeni istehsal vasitələrinin tərkib elementlərinə birləşir. Bu yöndə istehsalat yeni- yeni istehsalatı, yeni təyinatı şərtləndirir.  İnsanlar ilkin və növbəti istehsalat proseslərini təmin etməklə özlərinin maddi və fiziki ehtiyaclarını ödəmiş olurlar. İqtisadiyyatın tarazlılığı da məhz istehsal və yenidən istehsal, təkrar istehsal proseslərinin tamamlayıcı şərtlərlə həyata keçirən şərtlərdən formalaşır. İstehsalat bəsitlikdən mürəkkəbliyə doğru sadələşmiş və mürəkkəb çətin prosesləri özündə əks etdirir. İstehsalat tərkib və bütöv məhsulun əldə olunmasına, bu baxımdan da kiçik, orta və meqa məhsulun əldə edilməsinə əsaslanır.  Tarazlı sistemin bağlayıcı və mərkəzləşdirici-koordinativ strukturları mövcud olur. Burada bazarlar (istehlak üçün mövcud olan bazarlar) tələb və təklifin tarazlığını yaradır. Bazarlar bağlayıcı, tarazlayıcı funksiyanı yerinə yetirir. Bazarlar (burada xammal, maliyyə bazarları, istehsal vasitələrinin realizə olunduğu məkanlar-alqı-satqı mərkəzləri) istehsalı, qeyri-istehsalı, o cümlədən xidməti, sosial sahələri tarazlı əsaslarla stimullaşdırır. Bunun sayəsinə tarazlı funksiya formalaşır. Sahələr bir-birini dartır, cəzb edir. Tarazlaşdırma prosesləri ardıcıl ödəmə və şərtləndiricilik ilə tamamalama funksiyasını yerinə yetirilməklə həyata keçirilir.  İqtisadiyyatda biz baza sənaye sahələrini maşın təkərinin disklərinə bənzədə bilərik. Diskin üstündəki rezin, şin hissə isə üst xidmətlərdir. Yəni, köməkçi xidmətlərdir. Hansı ki, maşının kuzasına, kabin hissəsinə rahatlıq verir. Rahat lokomotivi təmin edir. Bu baxımdan da iqtisadiyyatın sağlamlığı üçün mütləq şəkildə sağlam təkərlərin, tam işlək, saz vəziyyətdə olan  təkərlərin olması şərtdir. Disklər şin hissəyə, şin hissə də disklərə xidmət edir. Bunun sayəsində qarşılıqlı tamamlama meydana gəlir.

İnformasiya texnoloji vasitələri də infrastrukturun tərkibini təşkil edir. İqtisadi strukturlar arasında əyani və qiyabi bağlantı yaradan vasitələr rolunda çıxış edir.  İqtisadiyyatın sahələri arasında intensiv əlaqələrin qurulmasını təmin edir.

İqtisadiyyatın tarazlaşmasında banklar, maliyyə mənbələri, fondlar böyük rol oynayır. Banklar pul vəsaitinin hərəkətəgətirici və əvəzləyici vasitə olaraq  saxlanılmasını təmin edirlər və dövriyyəyə əvəzləyici elementləri daxil edirlər. Pul vasitələri hərəkətin ardıcıllığını, maddi vasitələrin dönərliliyini təmin edir. İqtisadi tempin saxlanılmasını və yüksək və stabil dinamikanı təmin edir. Banklar iqtisadi vasitələrin əvəzlənməsi üçün tarazlayıcı vasitələrin rezervi rolunu oynayır.

Strateji-lokomotiv, hərəkətəgətirici məhsullar iqtisadi sistemin tarazlaşmasında və aparıcılığında həlledici rolu oynayır. Etalon və ölçü dəyəri kimi əhəmiyyət kəsb edir. Banklar maliyyə vasitələrini özündə saxlamaqla yeni-yeni sərmayə qoyuluşunu əsaslandırır. Banklar valyutanın və qiymətli metalların saxlanılması və böhranlar anında çatışmayan əvəzləyici vasitələrin dövriyyəyə buraxılmasını təmin edən fondlar, mənbələr, saxlanc obyektləri və subyektləri rolunda çıxış edirlər. Banklar iqtisadiyyatda istehsalı və istehlakı dəstəkləyir (kreditləşmə və subsidiyalar yolu ilə, həmçinin digər vasitələrlə), pul siyasətini, o cümlədən valyuta məzənnələrini müəyyən edir.  Pulun tədavülə buraxılmasını həyata keçirirlər. Digər funksiyaları həyata keçirirlər. Böhranlı vəziyyətlərdə banklar dözümlü və müşahidəedici rejimə keçirlər.  Dövriyyədə çatışmayan əvəzləyici elementləri bazara atırlar.

İqtisadi sistemin tərkibi iqtisadi tərkiblərdən, fiziki və hüquqi şəxslərdən ibarət olur. Burada istehsal sahələri bir-birini stimullaşdırır. Bu stimullaşdırma sayəsində sahələr mexanizmlərlə bir-birini şərtləndirir. Böyümə və sistemin zəngin tərkibi formalaşır. Bütövləşmiş və tarazlı müstəvi iqtisadiyyatın mərkəzi və ətraf sahələri, strukturları arasında bağlılıq yaradır, bütövlüyü meydana gətirir. Vərdiş olunmuş dövriyyədə elementlər azaldıqda dövriyyə öz əvvəlki immunitetini zəiflədir.

İqtisadi böhranların idarə olunması və tarazlığın bərpası halları

İqtisadiyyatın xarakteri mövcud olur. Bu xarakter onu təşkil edən subyektlərin xarakterindən və vasitələrə olan kontaktlarından formalaşır. Böhranlar, depressiyalar, gərginliklər qarşısını almaq baxımından idarə olunur. Dünya ölkələri çalışırlar ki, fərdi və kollektiv qaydada, beynəlxalq iqtisadiyyat, siyasət və maliyyə qurumları vasitəsilə dünya iqtisadiyyatının tarazlığını bərpa etmək, vasitələri geriya qaytarmaq və yeni dövriyyəyə daxil etmək siyasətini həyata keçirsinlər.  Böhranları, depressiyaları iqtisadi sistemin çatları, yaraları, çatışmazlıqları kimi xassələndirmək olar.  Onlar iqtisadiyyatı ləngidən, defisit (qıtlıq) yaradan amillər kimi xassələndirilə bilir. Böhranlar iqtisadi sistemin davamlı şəkildə, zəncirvari qaydada çökdürülməsini yaradan amilləri, halları, hadisələri  özündə ehtiva edir.  Tarazlı, bu baxımdan da ardıcıl əlaqəli və paralel əlaqəli xətlərin dağıdıcılığını özündə əks etdirir. İqtisadiyyat sistemi üçün risqləri artırır, sərmayə, səhm itkilərini meydana gətirir. Dövriyyədə pul vəsaiti ilə məhsul və xidmətlər arasında, qazanclarla məsrəflər arasında tarazlığı pozur. Tələb-təklif cədvəli arasında kəskin fluktuasiyanı (oynamaları, qalxıb-enmələri) yaradır.  Defoltları, tənəzzülləri, iflasları əks etdirir. İqtisadiyyatın zamanla təşkilini, zaman ardıcıllığını pozur. Əmtəə bazarlarında kotirovkanın (qiymətlərin dövlətin qanunlarına əsasən müəyyən olunması) müəyyən olunması problemlərini yaradır.  Makro iqtisadiyyatın tərkibini təşkil edən xətlər arasında tərs korrelyasiyalar (xətlər arasında statistik uyğunsuzluqlar) meydana  gəlir.  Ümumdünya müstəvisində və regionlarda milli iqtisadi sistemlərlə xarici iqtisadi sistemlər arasında uyğunsuzluqlar formalaşır. Bir çox obyektlərin təyinatı dəyişmək məcburiyyəti ilə üz-üzə  qalır. Məsələn, epidemiyanın yayılması və karantin rejimləri ilə əlaqədar  turizm obyekləri, hotellər öz təyinatını dəyişirlər.  Sığorta sistemi çökə bilir. Sığorta fondları dəymiş zərərin əvəzini ödəmək iqtidarında olmur. Vəsaitlər çatılşmır. Banklar ardıcıl yığımı və kreditləşmə siyasətini, depozitləşməni  təmin edə bilmirlər. Ümumiyyətlə, maliyyə-fiskal sistem çökməyə başlayır. Durğunluq yaranır, aktivlik dərəcəsi aşağı düşür.  Beynəlxalq valyuta qıtlığı yaranır.  Milli valyutaların qarşılıqlı şəkildə dəyər itirməsi halları meydana gəlir.

Məlumdur ki, iqtisadiyyat rəqəmlərdədir. Bu baxımdan da çəkidə, həcmdə, ölçüdədir. Bu göstəricilər üzrə iqtisadiyyatın şaquli və üfiqi müstəvisi meydana gəlir. Sistem gah genişlənir, gah da dərinə doğru böyüyür, zənginləşir. İqtisadi böhranlar zamanı iqtisadi sistemdə dövr edən elementlərin sayı və kütləsi, çəkisi azalır.  Sistemdə sıxılmalar və genəlmələr meydana gəlir. İqtisadi kütlə itkiyə məruz qalır. İqtisadi ressesiya sistemin potensialını aşağı endirir. Bu baxımdan da makroiqtisadi sistem öz tərkibini itirməyə başlayır. Stukturlar bir-birilərini tamamlamadan zəif fəaliyyət göstərirlər.   Makroiqtisadi sistemin tərkibi azalanda onun pressinqi, yəni təzyiq və təsir gücü aşağı düşür. İqtisadiyyatın təsir gücü onun potensialını əks etdirir. İqtisadi potensial da öz növbəsində iqtisadi müstəvini böyüdür. Sistemdə aktivliyi meydana gətirir. İqtisadi aktivlik də harmoniyanı və üzvi bağlılığı yaradır. İqtisadi dövriyyənin aktivləşməsi özünə daha çox iqtisadi elementləri cəlb etməklə xassələnir. Bunun sayəsində iqtisadi əlaqələr böyüyür və iqtisadi sistemlərin  daxili və xarici təsiri genişlənir.

İqtisadi sistemi ümumi sərhədlər daxilində şərti olaraq daxili və xarici hissəyə bölmək olar. Əgər sistemdə aktiv iştirak edən  elementlərin mərkəzini biz daxili, yükü çox olan sistem hesab edəriksə, onda sistemin periferik əhatəsini, köməkçi vasitələri onun xarici hissəsi hesab etmək olar. İqtisadi sistemin istehsalını onun lokomotivi, mərkəzi hissəsi hesab edə bilərik. Bazlarları, istehlak mərkləzlərini isə daxilə xidmət edən yan, xaric hissə kimi qəbul etmək olar.  İqtisadi böhranlarda əhalinin maddi ehtiyacları əvvəlki vərdiş olunmuş həcmdə ödənilə bilmir. Biu da özlüyündə sosial durğunluğu, passivliyi yaradır. Sosiaı gərginlik siyasi gərginliklərə sirayət edə bilir. Özü ilə siyasi disbalansı yaradır. İnteqrasiya proseslərini aşağı salır. Bu da özlüyündə təminatın azaldılmasını ehtiva edir.

İqtisadi böhranlar başlıca olaraq qlobal təbii fəlakətlər zamanı yarana bilir:

İqtisadi böhranları da öz miqyasına görə qlobal, orta və aşağı cədvəl üzrə hesablamaq, qiymətləndirmək olar.  İqtisadi böhranları xronikikəskin xarakterli olmaqla iki hissəyə ayırmaq olar. Xroniki böhranlara klassik böhranları, hərdən  müşahidə olunan, passivləşən və zaman-zaman  aktivləşən gərginlik hallarını aid etmək olar.

Qlobal iqtisadi böhranlar yaranır:

-təbii sərvətlərlə zəngin olan kontinentin  təbii hadisələrdən-yanğından, seldən, daşqınlardan, küləkdən və digər hallardan,  zərər çəkməsi zamanı. Bu halda təbii sərvətlərin xammal kimi  çatışmazlığı və əldə olunnması halları zəifləyir. Xammal ehtiyatları və ondan istifadə halları azalır.  İqtisadi sistem lazımi səviyyədə qidalana bilmir,  öz aktivliyini aşağı salır. Dövriyyədə iştirak edən elementlərin azalması hesabına sistemin potensialı aşağı düşür. Planetar təbii fəlakət meydana gəlir. Dünya iqtisadi sistemin dəyərləri aşağı düşür;

-planetin strateji ehtiyatlarının toplaşdığı və dünya iqtisadiyyatının əsas strateji yükü olan mərkəzlərdə qlobal iqlim fəlakətləri və digər təbii böhranlar zamanı. Qlobal infrastrukturun-yük daşımalarının və sərnişin daşımalarının kəskin pozulması zamanı;

-dünya iqtisadiyyatının  hərəkətini təmin edən əsas strateji məhsulların qiymətlərinin kəskin oynaması zamanı-belə hallarda strateji məhsulları  idxal edən ölkələr qazanır, ixrac edən ölkələr itirir. Qarşılıqlı disbalans yaranır. Dünya bazarında bir tərəfdən qiymətlər artır, digər tərəfdən isə azalır. Dövlət büdcələri  əsas enerji məhsullarından, strateji məhsullardan formalaşan ölkələrin iqtisadi sistemi əks tərəfin iqtisadi sistemindən asılı qalmaq məcburiyyəti ilə üz-üzə qalır. Strateji məhsulların cəmləşdiyi iqtisadi məkanlarda xarici sərmayə də itkilərlə rastlaşır. Kapital mərkəzləri, transmilli və milli təyinatlı nəhəng korporasiyalar da itki ilə üzləşirlər;

-qlobal iqtisadi böhranlar pandemiya zamanı da yarana bilir. Belə halda karantinlər tətbiq olunur. Əmək resurslarının  məhdudlu idarəçiliyi meydana gəlir. Bazar, bu baxımdan da istehlak məhsulları məkanı məhdudlaşır, məhsulların realizə məkanları itir. Bu halda gəlirlər azalır. Bəzən də elə ola bilir ki, iqtisadi məhsulların təklifi ilə tələbat arasında balans pozulur. Pandemiya fəlakətləri zamanı əmək resurslarının itkisi baş verir. İstehsalın məhsuldarlığı aşağı düşür.

İqtisadi böhranların qarşısını almaq üçün bir çox metodlardan istifadə olunur:

-İlk növbədə istehsalın gücü saxlanılır. Xüsusilə, baza sahələrin fəaliyyəti qorunur. Strateji xammalın əldə olunması prosesləri öz tempini qoruyub saxlayır. Xüsusilə, enerji məhsullarının və kənd təsərrüfatı məhsullarının əldə olunmasına ciddi fikir verilir. Ağır və yüngül sənaye sahələrində işin tempi saxlanılır.Bu sahələrə əlavə güzəştlər və subsidiyalar verilir;

-İqtisadi əlaqələrin əsas xətləri və yükünün saxlanılmasına çalışılır;

-Strateji məhsulların qiymətlərinin süni olaraq aşağı salınmasına yol verilmir;

-Yükdaşımaların və infrastrukturun əsas gücü saxlanılır;

-Karantinlər zamanı iqtisadi bazarlar, istehlak bazarları tam məhdudlaşdırılmır;

-Əhalinin açıq havada işləməsi təmin olunur və karantin rejimində cari işlərin sayı və sahələri çoxaldılır;

-Kapital və cari  əsaslı tikinti və təmir sahələri saxlanılır. Başlıca məqsəd istehsal və istehlak bazarını qorumaqdan ibarət olur;

-Milli valyutaların və beynəlxalq valyutaların müəyyən müddət üçün mübadilə nisbəti dəyişdirilir. Beynəlxalq valyutanın və milli valyutanın  dəyəri artır. Başlıca məqsəd istehsal məhsullarının alıcıya daha yüksək səviyyədə çatdırılmasından ibarət olur;

-İstehlakın səviyyəsini artırmaq məqsədilə, istehsalla istehlak arasında balansı yaratmaq  və  əhalinin alıcılıq qabiliyyətini artırmaq üçün əhaliyə yardım şəkilində  pul vəsaiti verilir;

-Dövlət büdcəsinə ictimai yardım fondunun məbləğı genişləndirilir, humanitar siyasət geniş tətbiq edilir;

-Yeni səhiyyə, sosial obyektlərin tikintisi sürətləndirilir;

-Yol-infrastruktur sahələrinin və obyektlərin tikilməsi və qurulması prosesləri gücləndirilir;

-Məhsulların ünvanlara daşınması xidməti gücləndirilir;

-Beynəlxalq valyutanın çatışmadığı təqdirdə ölkələr milli valyutalarından alıq-satqı predmeti kimi istifadə edirlər;

-Beynəlxalq  valyutaların aktivləşməsi və milli pul vahidinin passivləşməsi prosesləri həyata keçirilir;

-Mobil xəstəxanalar, səhiyyə ocaqları, mobil marketlər təşkil olunur;

-Beynəlxalq valyutanın alqı-satqısı nisbəti  dəyişdirilir;

-İnsanlar kollektiv işlərə cəlb edilir  və s.