XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

17 May 2015 - 12:18

Bakı bazarlarında durğunluq – REPORTAJ, FOTOLAR
Bakı bazarlarında durğunluq: Satıcılar qan ağlayır - REPORTAJ, FOTOLAR
Xətai rayonu, Cavanşir küçəsində yerləşən “Qaçqınlar bazarı” adı ilə tanınan ticarət mərkəzində vəziyyət ağırdır. Xüsusən də manatın devalvasiyasından sonra yaranan durum satıcıları çıxılmaz vəziyyətə salıb.
Adından da göründüyü kimi, bazarda əsasən qaçqın və məcburi köçkünlər işləyir. Lakin son zamanlar hər biri müflis olmaq dərəcəsinə çatıb. Onların problemini yerindəcə dinləmək məqsədilə musavat.com-un müxbiri “Qaçqınlar bazarı”na baş çəkib.
1993-cü ildən fəaliyyətə başlayan bazar elə o zamandan quraşdırılan köhnə çadır bezi ilə örtülmüş taxta konstruksiyadan ibarətdir. Bazarın iç görünüşü 90-cı illərin bazarlarını xatırladır. Elə burada çalışanlar da orta və daha yaşlı nəslin nümayəndələridir. Satıcıların əksəriyyəti məcburi köçkünlərdir.
çox da böyük olmayan bazarın 50-60 işçisi var. Bazarın daha böyük hissəsi ilə bağlanıb, satıcılar buranı tərk ediblər. Piştaxtaların seyrəkliyindən də görünür ki, son zamanlar ticarətə əlvida deyənlər çox olub.
Qatı bir səssizliyin hökm sürdüyü bazarda demək olar ki, alıcı gözə dəymir. Satıcıların artıq bir-biri ilə söhbət etməyə də sözü qalmadığından hər biri piştaxta arxasında mürgüləyir. Onlara yaxınlaşıb, bu durumun səbəbini öyrənməyə çalışırıq.
Laçın rayonundan qaçqın olan Fərzəli adlı satıcı dərindən bir ah çəkir: “Eh ay bala, bu bazarın elə vaxtları var idi ki, iynə atsan yerə düşməzdi. İndi saatda bir nəfər ancaq gəlir, o da bir kiloqram kartof ala, ya almaya… Bilmək olmur ki, insanlar nə ilə qidalanır. Camaatda pul qalmayıb”.
Satıcılar deyir ki, əvvəllər paytaxtın hər yerindən bu bazara axın edirmişlər. Həm məhsulların ucuzluğu, həm də təbii və keyfiyyətli olması insanları cəlb edirmiş. Hətta ən təmiz bal, tapılmayan dərman bitkilərini də sifariş verib buradan əldə edirmişlər. İndi isə həmin insanlar sanki yoxa çıxıb.
Bazarın geyim əşyaları satılan bölməsində də vəziyyət bundan fərqli deyil. Burada da həyat dayanıb. Jurnalist olduğumuzu bilən satıcıların hərəsi bir tərəfdən dərdini danışmağa başlayır: “Biz dərdimzi desək yazarsınızmı? Görəsən nəsə kömək olacaqmı bizə? Bazarda vəziyyət pisləşib, alverimiz yoxdur. Əvvəl yaxşı idi. Əksər marşrutlar bazarın yanından keçirdi. Ona görə insanlar rahat gəlib-gedirdilər. İndi isə 12 və 95 nömrəli marşrutların yolunu dəyişdirilib, artıq bazarın yanından keçmir. Ona görə də uzaq yerlərdən gələn müştərilərimizi itirmişik. Ancaq ətrafdakı 3-4 binanın sakinlərinin ümidinə qalmışıq”.
Satıcıların sözlərinə görə, marşrut avtobuslarının xətləri dəyişdiyindən artıq 12 və 95 nömrəli marşrutlar bir istiqamətdə gəlirlər, şəhər istiqamətində keçərkən buradan keçirlər, lakin geri dönərkən buradan qayıtmırlar. Bu da alıcılar üçün çətinlik yaradır.
Alıcılıq olmadığından satıcılar aylıq gəlirlərindən də məhrum olublar. Cüzi qazancları isə vergi, DSMF borclarını, icarə haqqını ödəməyə belə kifayət etmir. Adının çəkilməsini istəməyən satıcı deyir ki, son iki ayda icarə haqqını öz cibindən verməyə məcbur olub: “Ayda 150 manat icarə haqqı verirəm. Alver də yoxdur. özün yarım saatdır ki, burdasan, görürsənmi, müştəri gözə dəymir? Elə olur ki, 4-5 gün heç nə sata bilmirəm. Ay sonunda icarə haqqını borc-xərc edib, ödəyirəm. Bu ay 100 manatını çətinliklə tapıb, aparıb vermişəm. Növbəti aydan dükanı bağlayıb çıxacağam”.
Qadın geyimləri satan, yaşı 70-i haqlayan Əminə nənə isə deyir ki, son üç gündə cəmi bir ədəd 50 qəpiklik corab satıb: “Ailəmiz də böyükdür, oğlum işsizdir. Məcburam, bu yaşımda gəlib bazarda işləyim. Səhər saat 9-dan axşam saatlarına qədər burada oluram, lakin heç bir gəlirim olmur. Son iki ayda vəziyyət daha da pisləşib. İcarə haqqını ödəyə bilmədiyim üçün dövlətin verdiyi pensiyanı da gətirib icarəni ödəyirəm”.
Satıcıların dediyinə görə, bazarın bir hissəsində vergi borcu ucbatından iş dayandırılıb. 50 nəfərdən çox satıcı çıxarılıb ki, hazırda onların hamısı indi işsizdir.
Sözügedən problemlərlə ilə bağlı bazar rəhbərliyi ilə də görüşdük.
Mikayıl adlı şəxs bildirdi ki, bazarın bağlanan hissəsi təmirə dayanıb, vergi borcu ilə heç bir əlaqəsi yoxdur: “Köhnə bazardır, təmir olunmalıdır, ona da imkan yoxdur. Bazarda alver getmir, özünüz də şahidi oldunuz. Əlimizdən heç nə gəlmir. ümid edirik ki, bu durğunluq çox davam etməyəcək. Satıcılara gəldikdə isə, çalışırıq ki, güzəşt edək, icarə haqqını hissə-hissə ödəsinlər”.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.