XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2020 - 22:21

İqtisadiyyat Nazirliyi sahibkarlara müraciət etdi –Maliyyə yardımları ilə bağlı

Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi tədbirlər planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramının icrası davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Strateq.az-a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində sahibkarların müraciətləri elektron formada qəbul olunur. Vergi ödəyiciləri İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) pandemiyadan zərər çəkmiş sahələr üzrə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı xüsusi bölməyə şəxsi kabinetləri vasitəsilə daxil olaraq əmək ödənişləri üzrə alt bölməni seçməklə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə dəstəyin göstərilməsi ilə bağlı müraciət edirlər:

“Daxil olan müraciətlər araşdırılaraq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilir. İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır.

Ödənilən vəsaitlərin məbləğinə gəlincə, muzdlu işçilərə vəsaitlərin ödənilməsi prosesində Dövlət Statistika Komitəsi tərəfindən yanvar ayının sonuna ölkə üzrə orta aylıq əməkhaqqının məbləği – 712 manat əsas meyar olaraq götürülüb. Əgər muzdlu işçilərin aylıq əməkhaqqı 712 manatdan azdırsa, onlara əvvəl aldıqları faktiki əməkhaqqı, əgər çoxdursa, o zaman 712 manat məbləğində vəsaitin hər bir muzdlu işçiyə ödənilməsi təmin edilir”.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyevin sözlərinə görə, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən muzdlu işçilərə əməkhaqları yarıya bölünərək aprel və may ayları ərzində verilir:

“Artıq aprel ayı üzrə ödənişlər təqdim edilib. Ödənişi əldə edənlər may ayında da eyni qaydada maliyyə dəstəyi alacaqlar. Maliyyə yardımı üçün işəgötürənlərin bir dəfə müraciət etməsi kifayətdir. Yəni işəgötürənin aprel ayında etdiyi müraciət may ayı üçün də keçərlidir. Həmin işəgötürən bu müraciəti əsasında may ayı üçün də maliyyə dəstəyi əldə edəcək:

Maliyyə dəstəyinin verilməsində məqsəd işsizliyin qarşısını almaq, iş yerlərində ixtisarlara yol verilməməsinə nail olmaq və işəgötürənlərin əməkhaqlarının ödənilməsində qarşılaşdığı maddi çətinliklərin dövlət xətti ilə kompensasiya edilməsidir. Bu məqsədə nail olmaq üçün müraciətlərin qəbulu ilə bağlı qaydalar hazırlanan zaman onların mümkün qədər sadə tərtib edilməsi təmin edilib. Müraciətlərin elektron qəbulu, sürətli yoxlama sisteminin tətbiqi, müraciətlərin qaydası ilə bağlı təlimatların hazırlanması sahibkarların vaxtına qənaət etməyə və dəstəyi tez bir zamanda əldə etmələrinə şərait yaradıb”.