XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

16 May 2020 - 17:24

“Bu, çox məsuliyyətli işdir” –Prezidentin köməkçisi yeni icraçı direktoru kollektivə təqdim edib 

Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yeni təyin olunmuş icraçı direktoru Tural Piriyevi Fondun kollektivinə təqdim edib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, N.Əmirov ADIF-in əsas vəzifəsinin banklarda fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitlərinin itirilməsi riskinin qarşısını almaq, maliyyə-bank sisteminin sabitliyinə və inkişafına xidmət etmək olduğunu bildirərək, Fondun son illərdə həm bu vəzifənin icrası ilə bağlı, həm də ləğvedici kimi fəaliyyəti barədə məlumat verib və bunun çox məsuliyyətli iş olduğunu qeyd edib.

O, diqqətə çatdırıb ki, ADIF-in fəaliyyət göstərdiyi müddət ərzində banklara inam əhəmiyyətli dərəcədə artıb. Əhalinin banklarda olan əmanətlərinin miqdarı və sayı əhəmiyyətli dərəcədə artıb ki, bu da bütövlükdə bank sisteminin sağlamlaşmasında mühüm rol oynayıb: “Ötən müddət ərzində Fond həm sığorta qurumu olaraq fəaliyyət göstərib, həm də ləğvedici qismində lisenziyaları geri alınmış bankların ləğv edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib. Bütövlükdə 17 bank bağlanıb, son bir ayda daha 4 bankın lisenziyası ləğv olunub. Fond bu müddətdə qarşısına qoyulan tələblər, eyni zamanda, xüsusilə vətəndaşların əmanətlərinin geri qaytarılması istiqamətində çox faydalı və əhəmiyyətli işlər görüb”.

N.Əmirov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ADIF-in gələcək fəaliyyəti ilə bağlı tapşırıqlarını kollektivin diqqətinə çatdıraraq ölkə rəhbərliyinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün fondun kollektivinə məsləhət və tövsiyələrini verib. O, Fondun ölkənin maliyyə-bank sabitliyinin qorunması istiqamətində fəaliyyətinə müvəffəqiyyət arzulayıb.

T.Piriyev ölkə başçısının ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.