XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

11 İyun 2020 - 13:55

Azərbaycan Asiya İnkişaf Bankının 750 milyon dollarlıq kreditindən imtina etdi –Açıqlama

“Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının (ADB) “Azərişıq” ASC-yə ayırdığı kreditin 750 mln dollarlıq kreditin 2 və 3-cü tranşlarının köçürülməsi təxirə salınıb. 

Məlumata görə, buna səbəb Azərbaycan hökumətinin həmin krediti almaqdan imtina etməsidir.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yeni xarici borclanma strategiyasına uyğun olaraq belə bir addım atılıb:

“Ortamüddətli dövrdə dövlət borcalmalarının əsas istiqamətlərini müəyyən edən və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi çərçivəsində sözügedən kredit müqaviləsi üzrə növbəti tranşların cəlb edilməsi bu mərhələdə nəzərdə tutulmur”, – deyə M.Piriyev əlavə edib.

Xatırladaq ki, 2015-ci ildə Asiya İnkişaf Bankının Direktorlar Şurasının Bakıda keçirilən 48-ci illik toplantısı çərçivəsində Azərbaycan Respublikası hökumətinin təminatı ilə, “Azərişıq” ASC və ADB arasında “Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” üzrə imzalanmış anlaşma memorandumuna əsasən hər biri 250 mln ABŞ dolları olmaqla çoxtranşlı maliyyə mexanizmi ilə ümumilikdə 750 mln ABŞ dolları həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulmuşdu. Bu müqavilə üzrə Azərbaycan hökuməti 250 mln ABŞ dolları civarında təminatı öz üzərinə götürüb.

2016-cı ildən etibarən müqavilə üzrə ilk tranşla cəlb edilən 250 mln ABŞ dolları məbləğində vəsait ölkə ərazisində elektrik paylayıcı şəbəkənin yenidən qurulması işlərinin maliyyələşdirilməsi üçün tam olaraq istifadə edilib.

Müqavilənin şərtlərinə görə, 2 və 3-cü tranşlar müvafiq olaraq 2018 və 2020-ci illərdə həyata keçirilməli idi.