XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

16 İyul 2020 - 11:29

Mikayıl Cabbarov:"Qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq"

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə əldə edilən uğurlu nəticələr haqqında danışıb.

Nazir bildirib ki, ilk növbədə, kölgə iqtisadiyyatının həcmi ölçülərkən dövriyyələrə fikir verilir – xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8% artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1% azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri sənayedə 3,2%, ticarətdə 6%, o cümlədən pərakəndə ticarətdə 15,3% olub.

“Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7% azalmasını, hətta ictimai iaşədə 36,8% azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3% artımı qeydiyyatdan keçiririk. Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8% artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir”, – deyə nazir bildirib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1% artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6% olub və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib.

Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlayıb. Ötən dövr ərzində 10,4 mln. çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 mln. manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 mln. manat isə 30 gün tamamlananda qaytarılacaq.

“Bizim qarşımızda 3 əsas hədəf var – makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi. Tapşırığınıza uyğun olaraq biz 7 sektor üzrə – tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırırıq və qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq”, – deyə M. Cabbarov bildirib/APA.