2020-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 166 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 9 milyard 852,5 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 5 milyard 687,4 milyon dollarını və ya 57,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 165,1 milyon dollarını (42,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1 milyard 522,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 19,0 faiz, o cümlədən idxal 42,7 faiz, ixrac isə 2,2 faiz azalıb.
2020-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 8,9 faiz, real ifadədə isə 14,5 faiz azalaraq 721,5 milyon dollar təşkil edib.