Hərraclar vasitəsilə 1000 meqavatadək əlavə güclərin yaradılması istiqamətində hazırlıq görülür.
Energetika Nazirliyindən bildirilib ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən 14-cü Bakı Yay Enerji Məktəbində “Azərbaycanın enerji siyasəti və bərpa olunan enerjinin artan rolu” mövzusunda çıxış edərkən deyib.
Nazir ölkəmizin müasir enerji siyasətinin prioritetləri kimi bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, energetika sisteminin səmərəliliyinin artırılması və mərhələli şəkildə liberal bazar modelinə keçilməsinin isə Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan islahatlar prosesinin hədəfləri olduğunu diqqətə çatdırıb. Bu məqsədlə 4 yeni qanun layihəsinin hazırlandığı, daha 2 yeni qanun layihəsi və “Energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nin işlənildiyi, Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 440 meqavat gücündə pilot layihələrin icra edildiyi barədə məlumat verilib.
“İlin sonuna kimi 240 meqavat gücündə külək və 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisinə başlamağı planlaşdırırıq. 400 milyon dolllar investisiya hesabına tikiləcək bu stansiyalar hesabına illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon qazı tullantısının azaldılması və yüzlərlə yeni iş yerlərinin yaradılması gözlənilir. Paralel olaraq, hərraclar vasitəsilə 1000 meqavatadək əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür”, – deyə nazir əlavə edib.