Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC üzrə xam neft hasilatçısı ölkələrin nümayəndələrinin növbəti yığıncağının aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcəyinin açıqlanması, ABŞ Federal Ehtiyat Sisteminin (FES) mart yığıncağında faiz dərəcəsinin artırılmaması fonunda birjalarda “qara qızıl”ın qiymətində maksimum bahalaşma müşahidə olunur.
Azərtac xəbər verir ki, səhər saatlarında 40,50 dollar olan “Brent” neftinin bir barreli hazırda Londonun İCE birjasında 41,46 dollara, “Layt” nefti isə Nyu-Yorkun NYMEX birjasında 39,53 dollara satılır. Bu, “Layt”ın təxminən 3,5 ayda ən baha qiymətidir.
Analitiklərin neft təklifi ilə bağlı mühüm əhəmiyyət kəsb edən yığıncağın tarixinin açıqlanmasının bazardakı qeyri-müəyyənliyi aradan qaldırdığını qeyd edərək bu prosesin “qara qızıl”ın qiymətlərinin bahalaşmasında əsas faktor olduğunu bildiriblər.