XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2020 - 19:43

Hesablama Palatası:"Satınalmalar üzrə xərclərin ÜDM-ə nisbəti 10%-ə çatmır"

“Kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Hesablama Palatası nəzarət tədbirlərində dövlət satınalmalarına xüsusi diqqət yetirir. Satınalmaların əhəmiyyətini və hazırkı dövrdə vacibliyini KİV-lər də xüsusilə vurğulayır. Bu, dövlətimizin başçısının ictimai nəzarətin təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasında da xüsusilə mühümdür”.

Bunu AZƏRTAC-a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Eyni zamanda, müəyyən edilmiş prosedurların dəqiq tətbiqi satınalmaların əsas məqsədinin – rəqabətliliyin təmin olunması məqsədinin də reallaşdırılmasına şərait yaradır. Dövlət satınalmaları iqtisadi xarakteri ilə yanaşı, sosial mahiyyətə də malikdir. Belə ki, dövlət vəsaitləri hesabına rəqabətli prosedurların tətbiqi orta sinfin formalaşmasında vacib amil olan kiçik və orta sahibkarlığın bərabər şərtlərlə dövlət vəsaitlərinə çıxışına imkan yaradır. Bu isə öz növbəsində bir tərəfdən vergi və sosial sığorta yığımlarının dayanıqlılıq şərtlərini formalaşdırmaqla, ikinci bir tərəfdən vətəndaşlara öz imkanları hesabına özünün və ailəsinin yaşayışını təmin etməsi üçün şəraiti formalaşdırmaqla dövlətin passiv sosial müdafiə tədbirləri üzrə maliyyə imkanlarının aktiv tədbirlərə yönəldilməsinə şərait yaradır”, – deyə o, qeyd edib.

V.Gülməmmədovun sözlərinə görə, dövlət satınalmaları iqtisadi artımın stimullaşdırılması aləti kimi istifadə edilir, baza xidmətlərinin göstərilməsinə, innovasiyaların irəliləməsinə səbəb olur, ətraf mühitin mühafizəsi sahəsində müasir çağırışların tələblərinin ödənilməsinə şərait yaradır: “Ümumilikdə isə dövlət satınalmaları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında əhəmiyyətli rola malikdir. Dövlət vəsaitləri, xüsusilə də dövlət büdcəsi xərcləri hesabına satınalmaların sərhədlərinin genişləndirilməsi olduqca əhəmiyyətlidir. Həmin genişlənmənin çərçivələrinin müəyyənləşdirilməsi üçün həyata keçirilmiş dövlət satınalmalarına yönəldilən vəsaitlərin büdcə xərclərinə və ümumi daxili məhsula (ÜDM) nisbət göstəricisindən istifadə edilir”.

O, həmçinin bildirib ki, 2019-cu ildə ölkəmizdə ümumilikdə 11 457 sayda satınalma tətbiq edilməklə 5 720 milyon manat məbləğində satınalma keçirilməsi ilə bağlı protokol rəsmiləşdirilib: “2019-cu ildə 2018-ci illə müqayisədə ölkəmizdə keçirilmiş satınalmaların əhatə məbləği 93 milyon manat və yaxud 1,6 % az olub. Bu azalma meylinin əksinə, dövlət satınalmalarının sayı 534 və yaxud 4,9 % çox olub, dövlət büdcəsindən alışlara cəlb edilən vəsaitlərin məbləğində də azalma olmayıb. Satınalmaya cəlb olunmuş dövlət vəsaitinin ümumi daxili məhsulda payı 10 %-dən aşağı və dövlət büdcəsində payı isə illik xərcləmələrin ¼-dən çox deyil.

Məlumat üçün qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə dövlət satınalmalarına yönəldilmiş vəsaitin orta hesabla ümumi daxili məhsula nisbəti 10-12 %, cəmi büdcə xərclərinə nisbəti isə 35-40 % təşkil edir.

Dünya Bankının məlumatlarına əsasən isə 2018-ci ildə dünya üzrə dövlət satınalmalarına 11 trilyon ABŞ dolları yönəldilib ki, bu da həmin il üçün 90 trilyon ABŞ dolları məbləğində qiymətləndirilən ümumdünya ÜDM-nin 12,2 %-nə bərabərdir. Digər bir məqamı da diqqətə çatdıraq ki, Dünya Bankının qiymətləndirmələrinə görə, ümumilikdə aşağı, orta və yuxarı gəlirli ölkələrdə dövlət satınalmalarının ÜDM-də payı demək olar ki, eyni səviyyədədir. Bəzi ölkələrdə, məsələn, Türkiyədə, Pakistanda, İsveçrədə, Misirdə, Braziliyada dövlət satınalmalarının ÜDM-ə nisbəti 20 %-dən də çoxdur.

Ölkəmizdə bu göstəricinin formalaşmasına təsir edən amillərdən biri dövlət satınalmaları sahəsində uçot və hesabatlılıqla bağlıdır. Hesab edirik ki, dövlət satınalmaları haqqında yeni Qanunun qəbulu və dövlət nəzarətinin gücləndirilməsi bu sahədə ciddi dəyişikliyə səbəb olacaq”.