Qlobal günəş enerjisi sektorunda ötən ilin sonuna 3,8 milyon nəfər çalışıb.
Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) məlumat yayıb.
Bildirilir ki, 2,2 milyonla günəş enerjisində ən çox məşğulluq yaradan ölkə Çin olub, sonrakı yerlərdə Yaponiya, ABŞ, Hindistan və Banqladeş qərarlaşıb.
Günəş enerjisi sektorunu 3,6 milyon iş yeri ilə bioenerji sektoru izləyir. Braziliya, İndoneziya, ABŞ, Kolumbiya və Tayland bu sektorda ən yüksək məşğulluğu təmin edən ilk 5 ölkədir.
Qlobal külək enerjisi sektorunda 1,2 milyon nəfər işlə təmin olunub. Bu məşğulluğun 44 faizini isə Çin təmin edib. Sonrakı yerlərdə Almaniya, ABŞ, Hindistan və Böyük Britaniya qərarlaşıb.
Ümumilikdə 11,5 milyon nəfərin çalışdığı qlobal bərpaolunan enerji sektorunda təxminən 900 min iş yeri geotermal enerji, istilik və soyutma kimi müxtəlif sektorlar tərəfindən təmin edilib.
Digər tərəfdən, qlobal bərpaolunan enerji sektorunda çalışanların 32 faizi qadınlar olub.