XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2020 - 00:11

Beynəlxalq Valyuta Fondu neftin qiymətinə dair proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) cari ildə neft qiymətlərinin 41,7 dollar/barrel, 2021-ci ildə isə 46,7 dollar/barrel olacağını proqnozlaşdırır.

Azərtac IMF-yə istinadla xəbər verir ki, fond neftin qiymətinin aprel ayındakı “böyük karantin” dövründə müşahidə olunan ucuzlaşmadan sonra qlobal iqtisadi fəaliyyətlərin yenidən bərpası ilə bahalaşdığını bildirib.

Yeni növ koronavirus epidemiyasının hələ də nəzarətdə saxlanılmaması səbəbindən neft bazarında qeyri-müəyyənlik hökm sürür. Neft qiymətlərindəki yuxarı və aşağı istiqamətli dəyişiklikləri dəstəkləyən bəzi risklər var. Orta Şərqdə artan geosiyası gərginlik və epidemiyanın davamlı yayılması ilə azalan neft və təbii qaz bazarı üzrə investisiyalar yuxarı istiqamətli risklər sırasındadır. Qlobal iqtisadi fəaliyyətdəki yavaşlama, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdəki tədarük bolluğu, Liviyada neft istehsalının gözləniləndən daha sürətlə əvvəlki səviyyəyə qayıtması, OPEC və qeyri-OPEC ölkələr tərəfindən istehsalın azaldılmasını nəzərdə tutan saziş üzrə öhdəliklərin pozulması isə aşağı istiqamətli risklərdir.

COVID-19 epidemiyası qlobal neft tələbatında azalmaya və anbar tutumu ilə bağlı narahatlıqlara səbəb olduğu üçün fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Qiymətlər cari ildə keçən ilə nisbətən 32 faiz azalacaq və 41,7 dollar/barrel olacaq. 2021-ci ildə “qara qızıl”ın bir barrelinin orta qiyməti 46,7 dollar təşkil edəcək.