XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2020 - 23:29

Vüsal Qasımlı:"Postkonflikt dövründə Qarabağın sənaye istehsalı güclənəcək"

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müzəffər yürüşü davam edir və Qarabağ işğaldan azad edilir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) postkonflikt dövründə Qarabağın iqtisadi inkişaf perspektivləri ciddi şəkildə analiz olunur.

İİTKM-in rəhbəri, iqtisad elmləri doktoru Vüsal Qasımlı Qarabağın sənaye potensialı barədə AZƏRTAC-a müsahibəsində Qarabağda dağ-mədən, metallurgiya, emal sənayesi, ərzaq istehsalı, elektrik enerjisi istehsalı, meşə sənayesi və kreativ sənayenin inkişaf imkanlarından danışıb.

V.Qasımlının fikrincə, Qarabağda sənayenin inkişaf potensialı böyükdür, resursların yenidən qiymətləndirilməsi nəticəsində daha dəqiq proqramımız olacaq: “Meşə sənayesinin və turizm industriyasının inkişafı üçün Kiçik Qafqazın dağlıq zonasının iri meşə massivi əhəmiyyətlidir. Regionun ümumi meşə sahəsi təxminən 246,7 min hektardır, o cümlədən 13,2 min hektar qiymətli meşə sahələridir. Ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi hazırda 890 min hektara çatdırılıb ki, bunun da 42,3 min hektarı işğalda olub”.

İşğala son qoyulduqdan sonra Qarabağın dağlıq və Aran hissələri sənaye istehsalı nöqteyi-nəzərindən inteqrasiya olunacaq deyən V.Qasımlıya görə, sovet dövründə Dağlıq Qarabağ Aran Qarabağla və Azərbaycanın digər iqtisadi rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edib: “Bütün istiqamətlərdə keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlayıb. Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdi, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi. 1985-ci ildə Xankəndidəki İpək Kombinatına daxil olan barama xammalının cəmi 8 faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92 faizi isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ vilayətinin 1986-cı ildə həyata keçirdiyi iqtisadi əlaqələrin həcminin cəmi 0,3 faizi, idxalının isə 1,4 faizi Ermənistan SSR-in payına düşdüyü halda, keçmiş vilayətdə istehsal olunan məhsulun 33,3 faizi Azərbaycanın qalan ərazisində realizasiya olunurdu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Xankəndi vaxtilə birbaşa Azərbaycan dəmir və avtomobil yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sisteminə sıx bağlanmışdı. Xankəndidən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 kilometrdir. Bir sözlə, işğala qədər Qarabağ həmişə Azərbaycan iqtisadiyyatının bir parçası olaraq inkişaf edib”.

V.Qasımlı sənaye sahələrindən danışarkən Qarabağın su resurslarından istifadə edərək elektrik enerjisinin istehsalı potensialına da toxunub: “Postkonflikt dövründə 50 meqavat gücü olan “Sərsəng” və 280 meqavat gücü olan “Xudafərin” su elektrik stansiyaları, habelə irili-xırdalı digər elektrik generasiya gücləri birlikdə Qarabağın elektrik enerjisinə olan tələbatını ödəmək imkanına malik olacaq. Ümumilikdə isə bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin alternativ (bərpaolunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir”.

O deyib: “Postkonflikt dövründə regionun sənaye rekreasiya imkanlarından da geniş istifadə ediləcək. Ehtimal olunur ki, Azərbaycanın mineral sularının 40 faizə qədəri işğal altında olub. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Digər ölçü ilə bu bir gündə 7805 kubmetr mineral su təchizatı deməkdir. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma sənayesi yenidən canlandırıla bilər. Eyni yanaşmanı Şuşada Turşsu mineral bulağında da etmək mümkündür”.

İİTKM-in hesablamalarına görə, işğal altında 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazinin post-konflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var. V.Qasımlı hesab edir ki, bu da Qarabağda emal və ərzaq sənayesinin inkişafını əsaslandıracaq.

“Qarabağda dağ-mədən sənayesi və metallurgiyanın inkişafı potensialı böyükdür. Əlbəttə, biz yenidən sənaye ehtiyatlarını qiymətləndirməliyik. İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən, 5 qızıl, 6 civə, 2 mis, bir qurğuşun və sink, 19 üzlük daşı və sair var. Təsəvvür edin ki, təkcə sənaye ehtiyatları təsdiq edilmiş 132,6 ton qızılın dünya bazar qiyməti 8 milyard ABŞ dolları ətrafındadır. Regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılıb. Əhəmiyyətli mis-sink filizlərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənib. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ, Şahbulaq, Boyəhmədli və digər yataqlardadır. Həmçinin, iri tikinti daş yataqları Xankəndidə, mərmər isə Harovda yerləşir”, – deyə o qeyd edib.

V.Qasımlı hesab edir ki, Qarabağ Azərbaycanın yaradıcı sənayesi üçün mərkəzə çevrilə bilər: “Musiqi, ədəbiyyat, sənətkarlıq, teatr, xalçaçılıq və digər kreativ industriyanı Qarabağda inkişaf etdirmək mümkündür”.