XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

02 Noyabr 2020 - 18:59

Gələcək 30 ildə təbii qaz hasilatı 50%-dan çox artacaq –GECF

“Bu günə qədər kəşf olunmayan qaz ehtiyatları 2050-ci ilə qədər qlobal təbii qaz istehsalının təxminən 30%-ni təşkil edəcək.

Belə ki, əsrin ortalarına qədər təbii qaz hasilatının təqribən 80%-i yeni layihələrdən qaynaqlanacaq və bu da davamlı investisiya qoyuluşunun vacibliyini göstərir”.

Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş Katibi Yury Senyurin Türkmənistanda keçirilən 25-ci Neft və Qaz Konfransı zamanı deyib.

“Dünyadakı dördüncü böyük qaz ehtiyatlarının sahibi olan Türkmənistan 2000-2019–cu illər ərzində təbii qaz potensialının genişləndirilməsi hesabına 11,5%-lik orta illik iqtisadi artım tempinə nail olaraq, davamlı şəkildə daxili qaz istehsalını artırır, investorları cəlb edir və texnologiya mübadiləsi aparır.

Bu məqsədlə gələcək enerji meylləri, rəqəmsallaşma və iqlim dəyişikliyi ilə bağlı mübarizəsi çərçivəsində transformasiyaya uğrayan Türkmənistan sənayesini GECF dəstəkləməyə hazırdı”, -deyə Y. Senyurin qeyd edib.

Onun sözlərinə görə, Türkmənistan bu gün dünyada təsdiqlənmiş qaz ehtiyatlarının 71%-nin, bazara çıxarılan istehsalın 45%-nin, boru kəmərlərinin 53%-nin və LNG ixracatının 60%-nin təmsil edən 20 üzv ölkənin üzərinə düşən “Forum”un qurucularındandır.

GECF-in “Global Gas Outlook 2050” hesabatına görə, bu Mərkəzi Asiya respublikasında təbii qaz hasilatı 2050-ci ilə qədər 78% artaraq 141 milyard kubmetrdən çox olacaq. İllik artım tempi 1,9% səviyyəsində gözlənilir.

Qeyd edək ki, gələcək mühüm layihələr arasında Türkmənistan-Çin boru kəmərinin genişləndirilməsi və TAPI (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) layihəsi və digərləri var.

GECF-in proqnozlarına əsasən, koronavirus pandemiyasının təsiri ilə qısa və orta müddətdə məhdud artımla qarşılaşmasına baxmayaraq, təbii qaz istehsalı gələcək 30 ildə (2020-ci ildən 2050-ci ilədək) 50%-dan çox artacaq və bu müddətdə Şimali Amerika və Yaxın Şərq qaz hasilatında ən böyük istehsalçı olaraq mövqelərini qoruyacaqlar. Bu müddət ərzində dünyanın bütün bölgələrində qaz hasilatının artacağı zamanı Avropada 70%-dək azalacağı gözlənilir.

Xatırladaq ki, 2 günlük “Türkmənistan Neft və Qaz 2020” konfransı Türkmənistan Höküməti tərəfindən təşkil edilib, CNPC, Dragon Oil, SOCAR, ENI, ARETI, Schlumberger, Hyundai kimi regional və beynəlxalq enerji şirkətlərinin iştirakını özündə cəmləşdirib.

Qeyd edək ki, Qaz İxrac edən Ölkələr Forumunun 20 üzvü var- Cezayir, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela, Angola, Azərbaycan, İraq, Qazaxıstan, Malayziya, Norveç, Oman, Peru və Birləşmiş Ərəb Əmirlikləri. Baş ofisi Qətərin Doha şəhərində yerləşir. (report)