XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

06 Noyabr 2020 - 18:37

Vahid Əhmədov:"Dövlət şirkətlərində islahatlar olacaq, bəziləri özəlləşdiriləcək"

Noyabrın 5-də prezident İlham Əliyevin fərmanı ilə bir sıra iri dövlət qurumlarının idarəetməsi bu ilin avqust ayında yaradılan Azərbaycan İnvestisiya Holdinqinə verilib.

Həmin qurumların sırasına Dövlət Neft Şirkəti, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Metropoliteni” QSC və “AzerGold” QSC var.

Habelə, “Azərenerji” ASC, “Azərsu” ASC, “Azərişıq” ASC, “Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərkosmos” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Azər-Türk Bank” ASC də yeni holdinqin idarəetməsinə verilib.

Üstəlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki bir sıra qurumlar da onun idarəetməsində olacaq. Bura da “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Aztelekom” MMC və bir sıra başqa iri qurumlar daxildir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan” agentliyinə açıqlamasında deyib ki, həmin qurumların idarəetməsinin Azərbaycan İnvestisiya Holdinqə (AİH) verilməsini müsbət qiymətləndirir.

Deputat bildirib ki, İnvestisiya Holdinqi yarananda orada müəyyən qurumların cəmləşəcəyi və investisiya yatırımı, ondan əlavə də ciddi dəyişikliklərin olacağı artıq bəlli idi: “Bu şirkətlər – hansıların ki, idarəetməsi Holdinqə verilib, – onlar Azərbaycanın iqtisadi həyatında önəmli şirkətlərdir, strateji obyektlərdir. Bu şirkətlərdə, ola bilsin, kadr dəyişikliyi getsin, müəyyən islahatlar həyata keçirilsin, hətta ola bilsin ki, bəzi payları özəlləşdirməyə verilsin”.

Deputat hesab edir ki, dövlət şirkətlərində islahatlar olacaq: “Uzun müddətdir ki, həmin bu önəmli şirkətlərdə islahatlar həyata keçirilmirdi. Dövlət başçımızın son fərmanından sonra isə orada islahatlar gedəcək, dediyim kimi, şirkətlərdən bəziləri özəlləşdiriləcək, çünki onların hamısının dövlət balansında qalmağına ehtiyacı yoxdur. Elə istehsal sahələr var ki, onların dövlət əhəmiyyəti yoxdur. İşlər görüləcək və mənə elə gəlir ki, iki-üç ay ərzində o şirkətlər artıq təkmilləşəcək və iqtisadiyyata önəmli gəlirlər verəcəklər”.